Quranın yandırılmasına Türkiyədən və Azərbaycandan reaksiya – İsveçin dövlət siyasətinə zərbə

İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasına şərait yaradıb. 

İsveçin Baş naziri Quranın yandırılmasını hörmətsizlik adlandırıb. Ərəb ölkələri və təşkilatları hadisəni qətiyyətlə pisləyiblər. Avropa İttifaqı Komissiyasının sözçülərindən Yohannes Bahrke İsveçdə Quranın yandırılmasını təxribat xarakterli hərəkət kimi dəyərləndirib. O, İsveçi buna cavab verməyə çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə hadisə ilə bağlı bəyanat verib: “Aydındır ki, bu cür təhqirlərə yol verənlər NATO ilə bağlı bizdən heç bir dəstək gözləməsinlər”.

Bundan öncə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləmək üçün Türkiyə 130-a yaxın terrorçunu ekstradisiya etməli olduqları barədə şərt irəli sürmüşdü. Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanı terrorçularla əməkdaşlıqda ittiham edərək, müqavilənin ratifikasiyasından imtina edir. 2022-ci ilin iyununda hər iki ölkə Türkiyə ilə Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün yerinə yetirməli olduğu şərtləri özündə əks etdirən memorandum imzalayıblar. Xüsusilə, Stokholm və Helsinki PKK və onun strukturlarına qarşı mübarizədə Ankara ilə tam əməkdaşlığa razılaşıb.

Əziz Əlibəyli

Globalinfo.az-a mövzunu şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, bütövlükdə islamafobiya Qərb ölkələrində çox ciddi şəkildə vüsət alıb:

“Tədqiqatlar da göstərib ki, bunun əsas səbəbi müharibələr nəticəsində şərqdən qərbə qaçqın axınıdır. Qərb ölkələri həyat ritmlərinin pozulması kimi arqument gətirirlər. Cəmiyyətlərin siyasiləşməsi mütləq şəkildə dini toqquşmaları da reallaşdırır. Şübhə yoxdur ki, dini toqquşma tendensiyası 1990-cı illərin sonu 2000-ci illərin ortalarına doğru daha populyar idi. Lakin bu populyarlıq, o zaman dövlət siyasəti olaraq qərbdən şərq hökumətlərinə doğru idisə, indi cəmiyyətlərə doğru istifadə olunur. Qərbin məhz o siyasəti şərqin qurulmuş hökumətlərini dağıtdı və müharibə şəraiti yaratdı. Nəticədə orada terrorun tüğyan etməsi və radikalizm qaçqın axınlarına səbəb oldu. İndi Qərb cəmiyyətləri belə bir problemlə üz-üzə qalmaqlarının əsas günahkarı kimi öz siyasətçilərini görmürlər”.

Siyasi şərhçi qeyd edib ki, Finlandiya Türkiyə ilə tək danışıq aparmağa qərar verib və İsveçin bu PKK, Quran yandırma kimi tendensiyasına dəstək olmayacaq:

“Şübhə etmirəm ki, indiki məqamda İsveçin də dövlət siyasətinə böyük zərbə və zərərlər olacaq.

Türkiyə beynəlxalq ictimaiyyətin adından Quranın yandırılmasına ciddi reaksiya verdi və NATO-da səs hüququ olan ölkə kimi Stokholma öz yerini göstərəcək. Bu ümumislam həmrəyliyi, təəssübkeşliyi və seçkilər ərəfəsində Türkiyə məsələsini də gündəmə daşımış olacaq. Nəticə etibarilə, Ərdoğana ciddi səs imkanları qazandıra bilər”.

Abdullah Ağar

Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Globalinfo.az-a bildirib ki, ziddiyyətli, hiyləgər, terror və radikalizmdən qaynaqlanan anti-islam və anti-türk əhval-ruhiyyə ilə qarşı-qarşıyayıq:

“Görəsən, İsveçdəki bütpərəstlərin tanrıları Odin, Thor, Freya təhqir olunsa, onların bütləri dağıdılsa, xristian isveçlilərin müqəddəs kitabı İncil ya da yəhudilərin müqəddəs kitabı yandırılsa, İsveç hökumətinin qərar verən şəxsləri nə edər, mənə maraqlıdır.

İsveç hökuməti ifrat sağçı və solçulara, hətta terror təşkilatlarının siyasi uzantılarına ehtiyacı olan aciz bir hökumətdir. 10,5 milyonluq əhalisinin cəmi 1 faizini təşkil edən təxminən 100 minlik kürd kütləsini manipulyasiya edən YPG/PKK terror təşkilatından da qorxur. Onlar NATO-ya daxil olmaq məsələsinə çox güman ki, “onsuz da ABŞ həll edəcək” kimi baxırlar”.

A.Ağar qeyd edib ki, Türkiyə məsələni (İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə Rusiya və Çin üzərində geosiyasi qələbə qazanacaq) ABŞ və İngiltərə ilə müzakirə etməlidir:

“Və masaya terrorizmi və onların yaratdığı radikallığı qoyaraq, əsl mübarizənin necə aparılacağını göstərməlidir. Uğur qazansaq, yalnız İsveç və Finlandiya düyünü açılmayacaq”.

Gülnar Səlimova
Globalinfo.az