VACİB: Bu məhsullara 15% rüsum tətbiq edilir: Nələr bahalaşacaq?

Nazirlər Kabinetinin son qərarına əsasən Azərbaycana idxal edilən bəzi məhsullar 15 faiz gömrük rüsumuna cəlb ediləcək.

Ölkəyə idxal edilən şalot və digər soğanlar, qabıqlı və qabığı təmizlənmiş meşə fındığı, xurma, gips, anhidrit, bəzi keramika məmulatlarının bu məhsulların siyahısında yer aldığı bildirilir.

Bəs 15 faiz gömrük rüsumunun tətbiqi sözügedən məhsulların idxalı prosesinə və ölkədaxili qiymətlərin tənzimlənməsinə necə təsir göstərəcək?

Fikrət Yusifov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov artımın yerli istehsal məhsullarının idxalına və qiymətlərə gözlənilən təsirini dəyərləndirib:

“İdxal olunan məhsullara gömrük rüsumlarının tətbiqi ilə hökumət öz büdcəsinə müəyyən vəsaitlərin daxil olmasını təmin etməklə yanaşı, həmin məhsulların yerli istehsalını stimullaşdıran siyasəti reallaşdırmış olur. Əgər idxalçı müəyyən bir məhsulu xaricdən illərlədir alıb gətirir və bu zaman müəyyən qazanc əldə edirsə, həmin məhsulun idxalına birdən 15 faiz idxal rüsumu tətbiq edildikdə, o, düşünməyə məcbur qalır. Yəni yeni rüsumların tətbiqindən sonra sahibkar bu məhsulu idxal etməyin, yaxud yerdə yetişdirməyin hansının daha sərfəli olacağını hesablamağa başlayacaq.

Təbi ki, bu hesablama aparıldıqdan sonra əgər məhsulu burada əkib-becərməyin daha sərfəli olduğu anlaşılarsa, o halda idxal ilə məşğul olan sahibkar növbəti ildə həmin məhsulun yerli istehsalına üstünlük verəcək. Xaricdən ucuz məhsulların ölkəyə gətirilməsi yerli istehsala mənfi təsir edən əsas amillərdən biridir.

Hökumətin soğan da daxil bəzi məhsullara yeni ildən 15 faiz gömrük rüsumu tətbiq etməsinin əsas hədəfi bundan ibarətdir. Belə olduqda yerli istehsal məhsullarının da qiymətləri normal həddə tənzimlənir ki, bu da onları istehsal edən fermerlər üçün olduqca vacibdir”.

Zaira Akifqızı

Globalinfo.az