ive

İsti havada böyüklərin orqanizmi təkcə tər və nəfəsalma nəticəsində gün ərzində 2-3 litrədək maye itirə bilər.

Globalinfo.az xəbər verir ki, bunu rus qastroenteroloqu Viktoriya Stepanova deyib.

Həkimin sözlərinə görə, susuzluğun qarşısını almaq üçün əsasən adi qazsız, otaq temperaturunda sudan istifadə etmək lazımdır:

“Yay aylarında böyüklər üçün gündəlik maye norması hər kiloqram çəkiyə 30–35 ml təşkil edir. Məsələn, 70 kq çəkisi olan insan üçün bu, 2,1–2,5 litrdir. Güclü istidə isə bu göstərici 3–4 litrə qədər artır. Suyu birdən-birə çox miqdarda deyil, gün ərzində bərabər şəkildə, hər dəfə 200–300 ml olmaqla içmək lazımdır.

İkinci yerdə elektrolitlərlə zəngin izotonik içkilər gəlir. Tərlə orqanizm yalnız su deyil, həm də natrium, kalium və maqnezium itirir. Yalnız su qəbul etmək bəzi hallarda elektrolit balansının pozulmasına, zəiflik, baş ağrısı və qıcolmalara səbəb ola bilər. Xüsusilə günəş altında uzunmüddətli fiziki aktivlik zamanı izotonik içkilər faydalı hesab olunur.

Üçüncü yerdə ayran və tan (mayalanmış süd içkisi) yer alır. Bunlar təbii izotonik içkilərdir. Tərkibində su, zülal, natrium, kalium və faydalı bakteriyalar olduğundan həm susuzluğu yatırır, həm də bağırsaq mikroflorasını dəstəkləyir. Lakin laktoza dözümsüzlüyü və ağır hipertoniya olan şəxslərə tövsiyə edilmir”.

Mütəxəssis qeyd edib ki, susuzluğun qarşısını almaq üçün dördüncü yerdə dayanan məhsul  şəkərsiz bitki çayları və yaşıl çaydır:

“Yaşıl çay antioksidantlarla zəngindir və həm isti, həm də soyuq halda yaxşı seçim sayılır. Xüsusilə buz və nanə əlavə olunmuş soyuq yaşıl çay qazlı içkilərə sağlam alternativdir.

Beşinci yerdə isə şəkərsiz təzə və ya quru meyvə kompotu gəlir. Belə kompot vitamin və minerallarla zəngindir. Əsas şərt onun həddindən artıq şirin hazırlanmamasıdır, çünki şəkər susuzluğu daha da artıra bilər”.

Stepanova isti havada susuzluğu artıran içkilərə də diqqət çəkib.

Onun sözlərinə görə, şirin qazlı içkilərin tərkibində hər 100 ml-də 8–11 qram şəkər olur:

“Bu isə qanda qlükozanın sürətlə yüksəlməsinə, toxumalardan suyun çəkilməsinə və təxminən 30–40 dəqiqə sonra yenidən susuzluq hissinin yaranmasına səbəb olur.

Qablaşdırılmış şirin şirələr də eyni təsiri göstərir. Təzə sıxılmış meyvə şirəsini isə 1:1 nisbətində su ilə durulaşdırmaq və bir dəfəyə 150–200 ml-dən çox içməmək tövsiyə olunur”,

Həkim əlavə edib ki, enerji içkilərindəki kofein ürək-damar və sinir sistemini stimullaşdırır, sidikqovucu təsir göstərir:

“İsti havada bu, taxikardiya və hətta huşunu itirmə riskini artıra bilər. Pivə və digər spirtli içkilər isə antidiuretik hormonun ifrazını zəiflədərək böyrəklərin daha çox maye xaric etməsinə səbəb olur. Nəticədə orqanizmdə su balansı mənfi istiqamətdə dəyişir və susuzlaşma güclənir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: