“Bu da son: sülh gözlənilmir, hərbi əməliyyatlar olacaq” – Politoloq

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib ki, “Praqadakı görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi etmədiyimiz bir işdə ittiham etdi. Bunun ardınca Fransa Senatının tamamilə qəbuledilməz və təhqiramiz olan məlum qətnaməsi gəldi. Sonra Fransa Milli Assambleyasının növbəti antiazərbaycan qətnaməsi, daha sonra Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə hücum cəhdi oldu. Frankofoniya humanitar təşkilat olduğu üçün bu qəbuledilməzdir”.

Dövlət başçısı vurğulayıb ki, Paşinyanın Makronun Brüssel görüşündə iştirak etməsini şərt kimi irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistan sülh danışıqlarından boyun qaçırmaq üçün müxtəlif vasitələrə əl atır:

“Fikrimcə, Brüssel görüşünə ehtiyac yoxdur, çünki bu, sadəcə, Ermənistana vaxt qazandırır. Avropa İttifaqı Ermənistana təzyiq etməyəcəksə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamayacaq.

Prezident İlham Əliyevin Brüssel görüşündə E.Makronun iştirakını qəbul etməməsi Parisin vasitəçiliyini qəbul etməməkdir. Bu, uğurlu siyasi gedişdir. Göründüyü kimi, Brüssel formatı N.Paşinyanın mövqeyinə görə fiaskoya uğrayıb. ABŞ proseslərdə aktivlik edərək prosesləri müsbət istiqamətə yönəldə bilər. Demək olar ki, Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər gözlənilmir. Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verməlidir”.

Turan Rzayev
Globalinfo.az