Cənubi Qafqazda siyasi proseslər yenidən gərginləşməyə doğru gedir. Belə ki, Aİ-nin 100 nəfərlik müşahidə missiyasına qarşılıq Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində KTMT qüvvələrinin olmasını tələb edir. Kremlin belə addım atması, əlbəttə, bir sıra suallar doğurur.
Bu “rəqabət” Qarabağa, sülh perspektivinə hansı təsirləri göstərir? Müharibəni aktivləşdirə, mövcud status-kvonu zədələyə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycanın şərti dövlət sərhədində KTMT qüvvələrinin olması ciddi fəsadlara səbəb ola bilər:
“Şübhəsiz, bu, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə zərər vuracaq bir addımdır. Məsələ ondadır ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsi üçün ilk növbədə regiondan xarici qüvvələr çıxarılmalıdır. Söhbət həm Aİ-nin 100 nəfərlik müşahidə missiyasından, həm də Rusiya hərbçilərindən gedir.
Turab Rzayev
Azərbaycan bir müddət öncə sərhədlərin delimitasiya və demarkasiya edilməsi istiqamətində təklif irəli sürmüşdü. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan da bu təklifi qəbul etmiş, iki ölkənin sərhədçilərinin sərhəd boyu yerləşdirilməsini təklif etmişdi.
Rusiyanın məhz indi sərhəddə də öz hərbçilərinin olması istəməsi, şübhəsiz, Kremlin Cənubi Qafqaza büsbütün nəzarət etmək istəməsi ilə əlaqədardır. Bu həm də Zəngəzur dəhlizində Rusiyanın söz sahibi olması deməkdir. Bu baş versə, Rusiyanın qarşısını almaq mümkün olmayacaq”.
Turan Rzayev
Globalinfo.az