Böyük sülh bu tarixdə əldə edilə bilər: Rusiyanın vasitəçiliyi ilə…

2023-cü ilin ən önəmli siyasi hadisələrindən biri də Suriya-Türkiyə münasibətlərinin normallaşması hesab edilir. Bu istiqamətdə tərəflər arasında qeyri-rəsmi  və Rusiya vasitəçiliyində təmasların qurulduğu deyilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Ankara Türkiyə və Suriya xarici işlər nazirləri arasında yanvarın ikinci yarısında görüş keçirməyi təklif edib” sözləri də bunu təsdiq edir.

Maraqlıdır, bu il iki ölkənin prezidentləri səviyyəsində görüşün keçirilməsi mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Türkiyənin Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, prof.dr. Hüsaməddin İnaç deyib ki, ötən ilin may aylarından etibarən Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatı keçirmək kimi bir planı vardı:

“Bu məsələ bu gün də gündəmdədir. Çünki ABŞ Suriyanın şimal-şərq bölgəsində PKK, PYD, YPG terror təşkilatını ciddi ölçüdə dəstəkləyir. Vəziyyət elə bir həddə çatıb ki, həmin ərazidə kürdlər üçün faktiki bir dövlət təşkilatlanması yaradılıb, minlərlə silah-sursat yardımı edilir, hətta 70 minlik bir ordu belə formalaşdırılıb.

Türkiyə bu vəziyyət ilə heç bir halda barışa bilməz. Çünki bu yaxın gələcəkdə Türkiyənin özü üçün yaradılan ciddi bir təhdiddir. Ankara buna görə də Vaşinqtonun bu planının əleyhinədir.

O ki qaldı Türkiyə və Suriya münasibətlərinin normallaşmasına, deyə bilərəm ki, hazırda bu istiqamətdə işlər getsə də prosesin qısa zamanda müsbət nəticə verməsi  hələ tezdir.

Məsələ ondadır ki, Türkiyə ilə Suriya arasında ciddi ölçüdə fikir ayrılıqlar var:

Birincisi, Suriya Türkiyənin Afrin və İdlibdə antiterror əməliyyatı keçirərək nəzarət etdiyi ərazilərdən çıxmasını istəyir.

İkincisi, Əsəd rejimi bu gün Türkiyədə olan suriyalı miqrantların geri gəlməsini istəmir. Çünki Türkiyədəki suriyalılar sünni məzhəbinə mənsubdur. Əsəd isə məzhəb fərqindən bu insanları geri qəbul etmək istəmir.

Üçüncüsü, Əsəd Türkiyənin dəstəklədiyi müxalifət ordusunu terrorçu hesab edir və Ankaranın müxaliflərə dəstəyini kəsməsini istəyir.

Bütün bunlar olacağı təqdirdə belə tərəflər arasında bir görüşün olacağı hələlik bəlli deyil.

Ekspertin sözlərinə görə, Türkiyə və Suriya münasibətlərinin normallaşmasında ən çox maraqlı olan tərəf şübhəsiz Rusiyadır:

“Rusiyanın iki ölkəni bir araya gətirmək səyləri açıqca bəllidir. Rəsmi Moskva regionda ABŞ-ın təsirinin artmasını əsas gətirərək iki ölkənin barışmasını istəyir. Hətta bu istiqamətdə ayrı-ayrılıqda təmaslar da qurulub. Rusiya ABŞ faktorunu da əsas gətirərək Əsədi razı sala bilsə, gələcəkdə iki ölkə prezidenti arasında görüş baş tuta bilər. Lakin bundan öncə kəşfiyyat rəhbərləri səviyyəsində, daha sonra müdafiə nazirləri səviyyəsində, yekunda isə prezidentlər səviyyəsində görüş mümkündür”.

Turan Rzayev
Globalinfo.az