Böyük korrupsionerlərə niyə toxunulmur?: Deputat və ekspert son əməliyyatların görünməyən tərəfini açır

Paytaxtda və rayonlarda korrupsiyaya qarşı əməliyyatların keçirilməsi davam edir. Əsasən orta və kiçik vəzifəli məmurlar saxlanılır. Bu kimi əməliyyatlar cəmiyyət tərəfindən yaxından izlənilsə və dəstəklənsə də, qanunsuzluğa yol verən yüksək vəzifəli şəxslər arasında da əməliyyatların keçirilməsinin zəruri olduğu bildirilir.

Sadəcə kiçik vəzifəsi olanların həbs edilməsi bu əməliyyatların səmimiliyinə inamını azaldır. Sosial şəbəkələrdə də tez-tez daha yuxarı vəzifələrdə çalışanların fəaliyyətinin araşdırılmalı olduğu deyilir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu deyib:

“Sirr deyil ki, Prezident İlham Əliyevin məmurları yüksək vəzifələrə təyin edərkən onların qarşısına qoyduğu bir nömrəli öhdəlik xalqa ləyaqətlə xidmət etməkdir. Prezident özünün də xalqın bir nömrəli xidmətçisi olduğunu dəfələrlə bildirib və bunu öz addımları ilə hər zaman sübut edib. O, doğum günlərini belə sadə insanların arasında, həmçinin əsgərlərlə keçirir.

Eyni zamanda, xalqa ləyaqətlə xidmət etməyən, rüşvət və korrupsiya yolunu seçənlərin taleyinin necə olacağı da məlumdur. Onlar həbsxanaya düşürlər, acı həyatlarını öz əməlləri ilə qazanmış olurlar. İndi də bizim müvafiq hüquq mühafizə orqanlarımız rüşvət və korrupsiyaya qarşı mübarizədə ciddi addımlar atırlar. Amma bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, guya bu mübarizə sadəcə kiçik vəzifəli məmurlara qarşı həyata keçirilir, yüksək rütbəlilər isə prosesdən kənarda qalır. Qanun qarşısında hər kəs bərabərdir. Əgər nazirlər vəzifəsi ilə vidalaşır, nazirliklərin yüksək rütbəli məmurları, rayonların icra hakimləri həbs edilirsə, bu halda başqa daha hansı yüksək vəzifəli məmurun adını çəkmək lazımıdr?”

Elman Nəsirov

Deputat qeyd edib ki, sözügedən fikirlərin səsləndirilməsinə son zamanlarda keçirilən əməliyyatlar əsas göstərilir:

“İndi də ayrı-ayrı rayonlardan bələdiyyə sədrlərinin, baş memarların, digər rəsmi şəxslərin saxlanılması və həbsi ilə bağlı xəbərlər eşidirik. Bunu əsas götürərək yüksək rütbəli məmurların cinayət məsuliyyətinə cəlb olunmadığını iddia edirlər, guya onların sanki toxunulmazlıq hüququ var. Belə bir şey yoxdur, hər kəs öz əməlinə görə cavabdehlik daşıyır. Heç kim xüsusi imtiyaza sahib deyil. Yerli və mərkəzi icra hakimiyyəti başçılarının hansı cəzaları aldığını hər birimiz görmüşük. Ona görə də bu iddiaların elə də əsasının olmadığını düşünürəm. Amma belə qənaətdə olanlar bütün baş verənləri bir siqnal olaraq qəbul edə bilərlər ki, rütbəsindən asılı olmayaraq istənilən məmur əməlinə görə qanun qarşısında cavab verir”.

Natiq Cəfərli

Mövzunu Globalinfo.az-a dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda korrupsiya fərdi deyil, sistem problemidir:

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə zaman-zaman kampaniyalar şəklində həyata keçirilir. Yerli icra hakimiyyəti orqanları, kiçik idarələr və s. yerlərdə bu tipli əməliyyatları çox görmüşük. Ölkədə korrupsiya sistemli problemdir. Təəssüf ki, biz problemlərin sistemli həllinə şahid olmuruq. Sistemli həll dedikdə idarəetmə sisteminin dəyişdirilməsi, şəffaflaşma, məhkəmə sisteminin yenilənməsi və bu tipli struktur və qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər qeydə alınır. Bunlar sonradan korrupsiya ilə mübarizədə ciddi nəticənin əldə edilməsi baxımından vacibdir. Amma çox təəssüf ki, bizdə bu sistem dəyişiklikləri, problemləri ilə bağlı məsələlərin həlli uzun müddətdir ki, gecikdirilir. Zaman-zaman fərdlərə görə müəyyən proseslər olur. Amma idarəetmənin forma və fəlsəfəsinin dəyişdirilməsi kimi addımları görmürük”.

Ayşən Mustafa
Globalinfo.az