Maşını qadın sürür, ortaya əcaib mənzərə çıxır

Azərbaycanda baş verən yol qəzaları haqda müzakirələrdə səsləndirilən fikirlərdən biri də xanımların yol nəqliyyat qaydalarına riayət etməməsi və nəticədə bədbəxt hadisənin yaşanması ilə bağlıdır.

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, qəzaların məhz xanımlara görə baş verdiyini demək düzgün deyil:

“Xanımlar təlimkeçmə prosesində daha məsuliyyətlidirlər. Hətta deyərdim, xanımlar öyrənmək üçün təlimlərə gedir, bəylər isə daha çox atadan, qohumdan öyrənirlər. Bizim problemlərimiz təlimçilərlədir. Bəzi xanım sürücülər naşı təlimçiyə rast gəlirlər və onlardan öyrəndikləri səhvləri yollarda, küçələrdə tətbiq edirlər. Nəticədə ortaya əcaib mənzərə çıxır”.

Elməddin Muradlı

Ekspert deyib ki, kobud qayda pozuntusuna yol verən, yol hərəkəti qaydalarına sıfır səviyyəsində əməl edən xanım sürücülərin sayı çoxdur:

“Kənardan avtomobilin idarəetmə prosesinə baxanda bilinir ki, bu, xanım sürücüdür və təcrübəsizdir. Lakin bunu bütün xanımlara şamil etmək doğru olmaz. Çünki kifayət qədər təcrübəli və peşəkar xanım sürücülər var: qaydaları yaxşı bilirlər, avtomobillərini də təmiz saxlayırlar. Qəza törədənlərin əksəriyyəti isə kişilərdir. Çoxu da məsələyə “mənə heç nə olmaz” prinsipi ilə yanaşırlar”.

Zaira Akifqızı
Globalinfo.az