Baydenin B planı işə düşür: Ukrayna savaşının taleyi dəyişir

“ABŞ-ın başqa ölkələrə ukraynalı pilotlara F-16 döyüş təyyarələrini istifadə etmək üçün təlim keçməyə icazə verməsi mühüm hadisədir”.

Bu sözləri Globalinfo.az-a siyasi analitik Turab Rzayev deyib.

Onun sözlərinə görə, bu, müharibənin gedişində effektiv dəyişikliyə səbəb ola bilər:

“Məsələ ondadır ki, Ukrayna ordusu may və iyun aylarında şiddətli əks-hücum əməliyyatlarına başladı. Mühüm strateji obyektlər ələ keçirilsə də, əməliyyat istənilən səviyyədə olmadı.

Ukraynanın Rusiya ilə müharibədə uğur qazana bilməməsi Kiyevin Kremllə atəşkəs razılaşmasına gedə biləcəyi ehtimallarını artırır. Məsələ ondadır ki, Qərb də faktiki olaraq bu müharibədən yorulub və verilən dəstəyin effektiv olmadığını görür.

Turab Rzayev

Bu baxımdan, indiki məqamda ABŞ-ın atdığı bu addım mühümdür. Ukrayna ordusu texnoloji üstünlüyü ələ almalıdır. Düzdür, Qərbin yardımları nəticəsində bu üstünlük hiss olunur. Lakin Ukrayna ordusu hələ də aviasiya baxımından ciddi əskikliklər ilə üz-üzədir. İndiki məqamda ukraynalı pilotların F-16 təliminə cəlb edilməsi həm də gələcəkdə Kiyevə həmin döyüş təyyarələrinin verilməsi deməkdir. Bu baş verərsə Rusiya üçün çox ciddi uğursuzluqlar baş verə bilər”.

Turan Rzayev
Globalinfo.az