Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qərəzli, həqiqəti əks etdirməyən qətnaməsindən sonra Milli Məclis də öz növbəsində Avropa Parlamenti ilə əlaqələri dayandırdı.
Sitat:
– Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.
– Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.
– Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.
Bu ani və ya hissi qərar deyildi. Ümumiyyətlə, Azərbaycan belə qərarları “yüz ölçüb, bir biçərək” verir. Lakin maraqlıdır ki, suveren ölkənin verdiyi təbii qərar bəzi dairələri və onların ölkəmizdəki əlaltılarını bərk narahat edib.
Müxalifətin bəzi komponentləri, əsasən xarici dairələrdən təlimatlar alan bəlli qruplar Azərbaycanın verdiyi bu qərarı məqsədyönlü şəkildə kontekstdən çıxarmağa çalışır. Üstəlik, bunu sözün əsl mənasında savadsız şəkildə edirlər.
Müxalifət iddia edir ki, Avropa Parlamenti ilə əlaqələrin kəsilməsinin pərdəarxası səbəbləri bu təşkilatın insan hüquqları və demokratiya tələbləri ilə bağlıdır. Yəni sanki iqtidar Avropa məkanından uzaqlaşmaqla məsuliyyətdən yayınmağa çalışır. Bakı doğrudan da bu addımı insan hüquqları və demokratiya tənqidlərindən yayınmaq məqsədilə atsaydı, bu zaman atılan addım təkcə Avropa Parlamenti ilə əlaqələrin kəsilməsi ilə məhdudlaşmazdı. Məntiq etibarilə, belə bir yanaşma daha geniş və sistemli geri çəkilməni müxtəlif Avropa təsisatları ilə əməkdaşlığın dayandırılmasını, hətta müəyyən beynəlxalq konvensiyalardan çıxışı da ehtiva edərdi. Halbuki bunlar baş vermədi. Əksinə, bariz şəkildə görünür ki, qərar konkret bir qurumun qərəzli, ədalətsiz siyasi mövqeyinə verilmiş haqlı reaksiyadır.
Avropa Parlamentinin məlum qətnaməsində insan hüquqları və demokratiya ilə bağlı heç nə yox idi. Sənəddə aşağıdakı detallar qeyd olunur:
1. Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar;
2. “Müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar;
3. “Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar.
Sual olunur: bu məsələlərin Azərbaycandakı demokratiyanın pozulması və ya insan haqları ilə nə əlaqəsi var? “Müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin aqibəti, Qarabağ ermənilərinin geri qayıdışı və ya “mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar müxalifəti niyə narahat edir?
Bu gün heç kəsə sirr deyil ki, Qarabağ erməniləri Azərbaycanı öz istəkləri ilə tərk ediblər. Rəsmi Bakı reinteqrasiya prosesi elan etməsinə baxmayaraq, həmin şəxslər Ermənistana və digər ölkələrə köçməyi özləri seçiblər. Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfəri zamanı “Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır” fikrini açıq şəkildə səsləndirib. N. Paşinyanın belə dilə gətirmədiyi bir məsələ özünü müxalifət adlandıranları narahat edir!
“Müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslər isə həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun şəkildə mühakimə olunublar. Onların müharibə cinayətləri törətməsi fakt və sübutlarla təsdiqlənib. Ermənistan tərəfi də indiyədək onların qaytarılması ilə bağlı rəsmi tələb irəli sürməyib. Amma bu məsələ də özünü müxalifət adlandıranları narahat edir!
Azərbaycan Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir və bu prosesə xarici şirkətlər də cəlb olunur. Aparılan işlər çərçivəsində tarixi abidələr bərpa olunur. Hər hansı ermənilərin öz adlarına çıxdıqları abidələrin (bu məsələ də kifayət qədər mübahisəlidir-red.) dağıdılması ilə bağlı iddiaların əsası yoxdur. Bu da özünü müxalifət adlandıranları narahat edir. Halbuki vaxtilə Qarabağda dağıntılara məruz qalan məscidlər, karvansaralar və digər tarixi abidələrlə bağlı Avropa Parlamenti tərəfindən oxşar qətnamə qəbul edilməmişdi. Sapı özümüzdən olan baltalar isə bu məsələ ilə bağlı Avropa Parlamentini bu gün öz ölkəsini tənqid etdikləri kimi tənqid etməmişdi.
Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlər davam edir. Hətta Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda baş tutan “Avropada Birlik və Sabitlik” şüarı altında keçirilən “Avropa Siyasi Birliyi”nin VIII zirvə görüşünə videoəlaqə vasitəsilə qoşuldu. Bu, çox mühüm tarixi hadisə idi. Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdə çıxışı zamanı dedi ki, Azərbaycan Prezidenti ilk dəfədir Ermənistanda keçirilən tədbirdə (onlayn formatda) iştirak edir.
“Ötən dövr müstəqilliyimizdən bəri misli görünməmiş illərdir”, – Paşinyan vurğulayıb.
Bundan öncə isə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər etdi.
Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi bəzi dairələri, xüsusilə də erməni diasporunu, onun Qərbdəki himayədarlarını narahat edir. Prinsip etibarilə, iki ölkə arasında sülhün əldə olunması diasporun fəaliyyət istiqamətinə və təsir imkanlarına mənfi təsir göstərə bilər. Bu səbəbdən belə vasitələrlə prosesə mane olmağa cəhd edilir. Özünü müxalifət adlandıran məlum komponentin bu canfəşanlığı isə sadəcə erməni dəyirmanına su tökməkdir. Bu adamlar sanki müxalifətçi maskası geyinmiş erməni keşişlərdir. Onlar da bir vaxtlar iki xalqın arasında düşmənçiliyin alovlanması üçün var gücləri ilə çalışırdılar.
Tarix heç nəyi unutmur, heç kimin əməlini yaddan çıxarmır…
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı