Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı Azərbaycanın xarici borcunun çox aşağı səviyyədə olduğunu və onu bir gündə sıfırlamağın mümkün olduğunu bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda çox mühüm siyasi və iqtisadi sabitlik mövcuddur:
“Artıq Azərbaycanda 30 ildən çoxdur ki, bu istiqamətdə mühüm proseslər gedir. 90-cı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində, ərazimizin böyük bir hissəsi işğal altında idi və təxminən bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Bu da ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərirdi. Amma bu gün Azərbaycanın siyasi və iqtisadi vəziyyəti çox mühüm amildir. Digər mühüm amil isə bizim maliyyə imkanlarımızın çox güclü olmasıdır. Artıq xarici borcumuz çox aşağı səviyyədədir. Biz onu bir gündə sıfırlaya bilərik”.
Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanın xarici borcu aşağıdır:
“Ümumiyyətlə, xarici borcumuz çox aşağı düşüb. Bu, müsbət hadisədir. Qızıl, xarici valyuta ehtiyatlarımız isə həddindən artıq yüksək səviyyədədir. Son illər, ümumiyyətlə, artım var və biz bunu görürük. Bütün bunlar həqiqətdir və Azərbaycanın makroiqtisadi sabitliyini təmin edən əsas amillərdir.

Natiq Cəfərli
İndi qarşıda duran əsas vəzifə iqtisadi artımın yüksəldilməsi və sürrətləndirilməsidir. Yaxın günlərdə bu istiqamətdə informasiya texnologiyaları, turizm və kənd təsərrüfatı ilə bağlı bir neçə dövlət proqramı qəbul olundu. Bu sahələrdə iqtisadı aktivlik artırılmadır. Lakin bir daha deyirəm, makro göstəricilərdə təbii ki, Azərbaycanın üstünlüyü açıq-aşkardır. Qızıl, valyuta ehtiyatlarımız çox yüksəkdədir. Xarici borcumuz isə ildən-ilə azalır”.
Turan Rzayev
Globalinfo.az