Bakının bitməyən tıxacı: tramvayın bərpası mümkündür?

Xatırladaq ki, 2000-ci illərin əvvəllərinə kimi Bakıda, Sumqayıtda və Gəncədə tramvay-trolleybus xətləri olub. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin olunan kimi, bu xətləri ləğv etdi. 20 il keçdikdən sonra yerüstü ictimai nəqliyyatda özünü ən yaxşı doğruldan tramvay təsərrüfatının yaradılması mümkündürmü?

Pik saatlarda avtobuslarda sıxlıq olur, tıxaca düşürlər, metrolara isə yaxın düşmək mümkün olmur. Sərnişindaşımada alternativ az olduğu üçün Bakıda nəqliyyatın hərəkətində ciddi problem yaranır.
Yeni yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də bir yandan tıxacın yaranmasına “töhfə” verir. Qarşısına çıxan küçələri xətləyib, pullu dayanacaq sistemi qurur. AYNA rəsmiləri deyirlər ki, məqsəd insanları ictimai nəqliyyatdan istifadəyə cəlb etməkdir. İctimai nəqliyyat isə bərbad vəziyyətdədir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, ölkədə tramvay-trolleybus xətlərinin ləğv olunması H.Abutalıbovla bağlı məsələ deyil.

Aslan Əsədov

Onun sözlərinə görə, H.Abutalıbov Bakının icra başçısı olduğu üçün Bakıya cavabdeh olub:

“Amma Gəncəndə, Mingəçevirdə, Sumqayıtda və digər şəhərlərdə tramvayın olması səliqə baxımından artıq idi. Ona görə ləğv olundu ki, xətlər sallanlanırdı, infrastruktur yox idi, küləkli havada tez-tez qısaqapanma halları baş verirdi. Bu və digər formada başa düşüldü ki, tramvaya ehtiyac yoxdur. Tək Hacıbala Abutalıbovun deyil, ümumi bir qərar idi.

Qısa müddət sonra ölkədə inkişaf “bum”u yarandı, insanlar yaxşı gəlir əldə etməyə başladılar və sürətli avtomobilləşmə getdi. Bu proses o qədər sürətlə getdi ki, artıq az qala hər kəs bir avtomobil almağa başladı, Bakı şəhərində əhali sayı artdığı üçün tramvay bir növ arxa plana keçdi. Amma Bakı şəhərində olmasa da, digər şəhərlərimizdə yenidən tramvay və trolleybus xətləri çəkmək mümkündür. Açığı bu böyük pul da tələb etmir”.

A.Əsədov deyib ki, ümumiyyətlə, Bakı şəhər ərazisində müvafiq olaraq icra hakimiyyətinin tabeliyində olan ərazilərdə parklanmanın təyin olunması ərazi baxımından mütləq düzgün seçilməlidir:

“Əgər o ərazidə hər hansı bir parklanma üçün şərait yoxdursa, gediş-gəlişə mane olursa, həmin parkinq digər əraziyə köçürülməlidir və ya kənara çəkilməlidir. Xüsusən də dövlət obyektləri, universitetlər, məktəblər, iaşə obyektləri, iri ticarət mərkəzlərinin qarşısı və s. kimi böyük həcmli parklanmaya ehtiyacı olan ərazilərdə mütləq razılaşdırılmış şəkildə ictimai nəqliyyata maneçilik törətməyən bir ərazi olmalıdır. AYNA parklanmanı geniş ərazidə, üstəgəl ödənişsiz etsə, daha yaxşı olar”.

Zaira Akifqızı
Globalinfo.az