Bakını “yeni ərazi itkisi” ilə təhdid edən Tonoyan: “Raketləri yoxlayın!”

Bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunan və 2 il 7 aydır həbsdə saxlanılan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan yeni açıqlama ilə gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, o, Ermənistan Baş naziri Nikol Paşinyana çağırış edib.

Tonoyan “raket işi” məsələsində haqsızlığa məruz qaldığını iddia edib:

“Paşinyan etimad etdiyi mütəxəssislər və mənimlə birlikdə sözügedən raketlərə yenidən baxış keçirsin və onu maraqlandıran bütün sualları versin. Əgər ölkə başçısının məktəb şkaflarının asılqanlarının keyfiyyətini yoxlamağa vaxtı varsa, silahlı qüvvələrin döyüş qabiliyyətini təmin etmək üçün zəruri olan raketləri də yoxlamaq üçün vaxt tapsın”.

Qeyd edək ki, D.Tonoyan 2019-cu ildə Azərbaycanı təhdid edərək Ermənistanın hərbi doktrinasını dəyişdiyini “yeni ərazilərin işğalı üçün yeni müharibə” formuluna keçid aldığını bildirmişdi.

Safura Bənnayeva
Globalinfo.az