Tonoyan komissiya qarşısına çıxdı və sensasion anonslar verdi

“Hərbi əməliyyatların başladığı ilk gün hər şeydən xəbərsiz idik, bu barədə heç bir məlumat yox idi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiya qarşısındakı çıxışı zamanı deyib.

Tonoyan bəzi məlumatları qapalı şəkildə təqdim edəcəyini söyləyib:

“Müharibənin gedişatında vəziyyətin təhlükəli olduğunu bilirdim, daimi məlumat alırdım. Bu gün müharibə ilə bağlı bütün sualları cavablandıracağam, indiyə kimi heç nə danışmamışdım. Amma hazırkı açıq formatdan sonra qapalı iclas da keçirməli olacağıq. Çünki komitəyə bəzi məlumatları təqdim etmək istəyirəm.

Mən Nikol Paşinyanın çıxışından sonra danışmaq qərarına gəldim. Onun ifadəsindən sonra bəzi suallar yarandı. Həmçinin müxalifətdən xahiş edirəm ki, hazırkı iclasda onlar da iştirak etsinlər, ən azından bir nümayəndə göndərsinlər. Əks halda, mənim müharibə zamanındakı fəaliyyətimdən danışmasınlar”.

Qeyd edək ki, komissiyanın sədri Andranik Köçəryan müxalifətin iclasda iştirakdan imtina etdiyini bildirib. Həmçinin Tonoyan Nikol Paşinyanla komissiya qarşısında müharibə zamanı yaranan vəziyyəti müzakirə etmək istəsə də, onun bu təklifi rədd edilib.

Ayşən Mustafa
Globalinfo.az