Bakını sentyabrda gözləyən problem: hansı addımlar atılır?

Artıq sentyabr ayı yaxınlaşır, məzuniyyət bitir, istirahətə yollanan paytaxt sakinləri geri qayıdır. Bundan başqa, məktəblər, universitetlər açılır, şagirdlər, tələbələr Bakıya dönür. Bu isə o deməkdir ki, tıxac, sıxlıq, avtobusların gec gəlməsi halları daha tez-tez müşahidə olunacaq.

Maraqlıdır, aidiyyəti qurumlar bu barədə tədbirlər planı hazırlayıbmı?

Globalinfo.az həm Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ), həm də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq BŞDYPİ-dən bildirilib ki, polis tam gücləndirilmiş qaydada öz xidmətini davam etdirəcək:

“Hər zaman olduğu kimi, işimizin başındayıq. Xidmətimizi günün tələblərinə uyğun quracağıq”.

AYNA-dan verilən məlumata görə isə, Bakının mobillik imkanlarının yaxşılaşdırılması baxımından zəruri olan mühüm faktorlardan biri də ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təmin olunmasıdır:

“Şəhər nəqliyyatında ciddi problem kimi qalmaqda olan qanunsuz parkinq və qanunsuz sərnişindaşıma halları müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə nizamlı fəaliyyətinə mənfi təsir edir. Belə ki, gündəlik olaraq şəhərin demək olar əsas küçə və prospektləri ilə yanaşı, ətraf ərazilərdə də sıxlıq, tıxac halları müşahidə olunur. Problemin həlli yolu avtobus zolaqlarının təşkili və hərəkət iştirakçılarının buna mütləq qaydada riayət etməsidir. Bununla bağlı şəhərin əsas küçə və prospektləri üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobus zolaqları təşkil edilir.

Təəssüfedici haldır ki, zolağın tələblərinə əməl olunmur. Küçələr üzrə digər nəqliyyat vasitələrinin zolaqlar üzrə qanunsuz parklanma etməsi, zolağa daxil olması avtobusların rahat və vaxtlı-vaxtında hərəkətinə mane olur. Bu da öz növbəsində xüsusi avtobus zolağının effektivliyini azaldır. Nəticədə insanlar səfərlərini daha çox fərdi avtomobil və ya qanunsuz sərnişindaşıma vasitələrindən istifadə etməklə həyata keçirilər ki, bu da öz növbəsində yolların nəqliyyat yükünü artırır”.

Qurumdan əlavə olaraq bildirilib ki, Bakının yol hərəkətinin təşkili və yolların buraxılış imkanlarının artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi olaraq reydlər keçirir:

“Reydlər əsasən Sumqayıt şəhəri, eləcə də respublikanın müxtəlif şəhər və rayonlarından paytaxta və əks istiqamətə biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aprılır.

Vurğulayaq ki, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur. Qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar şəhər avtovağzalına cəlb olunaraq “Avtovağzal” metrosu istiqamətində hərəkətləri təmin edilir.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər”.

Agentlikdən nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün sistemli tədbirlər görüldüyü bildirilib.

Zaira Akifqızı
Globalinfo.az