Bakıda müəllimin qəfil ölümü haqda YENİ DETALLAR

“Dünən axşam saatlarından etibarən bir sıra xəbər saytlarında “Semaşkoda əməliyyat olunan müəllimə əməliyyatdan sonra öldü” başlığı ilə məlumatlar paylaşılır. Xəbərdə isə hansı səbəbdən öldüyü, xəstəliyinin nə olduğu barədə heç bir məlumat öz əksini tapmır. Öncəliklə qeyd etmək istəyirəm ki, “Semaşko” adlı dövlət tibb müəssisəsi mövcud deyil. Həmçinin 1 saylı Şəhər Klinik Xəstəxanası da yoxdur. Bu tip xəbərlər, sadəcə, insanların şüuraltısına toxunaraq səhifə aktivliklərini artırmaq, baxış sayını çoxaltmaq məqsədi daşıyır”.

Globalinfo.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Aqşin Ağayev qeyd edib.

A.Ağayev bildirib ki, xəstəyə qoyulan diaqnoza əsasən, onun həyatda qalma şansı yox idi:

“1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva 11.03.2023-cü il tarixində bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Çox ağır vəziyyətdə olan xəstəyə lazımi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-ə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub.

Nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfıra bərabərdir”.

Qeyd edək ki, ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın halı qəfil pisləşib.

O, səhhətində yaranan problemlə əlaqədar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əməliyyatdan sonra isə vəfat edib.

Ayşən Mustafa
Globalinfo.az