Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Globalinfo.az bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, – məlumatda deyilir.
Qeyd edək ki, Qarabağdakı keçmiş terrorçu qondarma rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, “xarici işlər naziri” olmuş David Babayan, eləcə də “parlament sədri” olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və “dövlət naziri” olmuş Ruben Vardanyan Bakıda həbsdədir.