Bakıdakı separatçılar sirləri açır – Onlara hansı azərbaycanlılar kömək edib?

Azərbaycanın Baş prokuroru Kamran ­­Əliyev deyib ki, erməni separatçılarının 1987-ci ildən indiyədək törətdiyi cinayətlər təhlil edilir. Bakıda saxlanılan separatçıların ifadələri əsasında xeyli məqamlara aydınlıq gətirilir. Mediada yayılan məlumatlara görə, işğal dövründə erməni separatçılarla (Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri) əməkdaşlıqda şübhəli bilinən azərbaycanlılar da olub. Hətta adıçəkilən separatçılar həbs edilərkən onların Azərbaycan xüsusi xidmət orqanlarına şok adlar verəcəyi deyilirdi.

Maraqlıdır, separatçı liderlər sözügedən məsələdə sirləri aça bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycan tərəfindən erməni separatçıları ilə əməkdaşlıq edənlərin olması istisna deyil:

“Torpaqlarımızın işğalında da satqınlığın böyük rolu olub. Satqınlıq halları üzə çıxan şəxslər cəzalandırılmalıdır. Bu, vətənə xəyanət, dövlətə qarşı cinayətdir. Yəni işğal dövründə separatçılarla əlbir olan şəxslərin kimliyi üzə çıxarılmalı və onlar qanuna uyğun olaraq cəzalandırılmalıdır. Düşünürəm ki, istintaq zamanı həm separatçıların əməlləri, həm də onlara kömək edənlərlə bağlı detallar üzə çıxarılacaq”.

Hüquqşünas qeyd edib ki, ehtiyatı əldən vermək olmaz, həbsdəki ermənilər yalan məlumatlar verə, günahsız insanlarımızı ittiham edə bilərlər:

“Doğrudur, sırf ittiham əsasında qərar qəbul edilmir. Əgər başqa dəlil, sübutlarla əsaslandırılırsa, bu halda öz vətəndaşlarımızın məsuliyyətə cəlb edilməsi məsələsinə baxmalıyıq. Ermənilərin yalan mlumat verib bu yolla qisas almasına yol verməməliyik”.

Safura Bənnayeva
Globalinfo.az