Bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. 1 sentyabr parlament seçkiləri tarixi hadisədir. 30 ildən artıq müddətdə nəhayət, ölkənin bütün ərazisində seçki baş tutur.
Azərbaycan 2020-ci ilin Vətən müharibəsindən, 2023-cü ilin antiterror əməliyyatından sonra suverenliyini bərpa etdi. Bu il fevralın 7-də keçirilən prezident seçkiləri ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan tarixində son 30 il ərzində ilk oldu. Prezident İlham Əliyev və ailə üzvləri Xankəndi şəhərində səs verdi. İlham Əliyev bu səsverməni erməni separatizminin tabutuna vurulan sonuncu mismar adlandırdı.
6 ay sonra isə parlament seçkiləri Azərbaycanın bütün ərazisində reallaşmaqdadır. Bu hadisə isə erməni separatizmini, çürük Artsax “ideologiyasını” məzara gömdü. Necə deyərlər, cəhənnəmə getdi “Artsax”, gorbagor oldu separatizm. Azərbaycanın iradəsinin, haqlı mövqeyinin üzərində heç bir təzyiq mexanizmi özünə yer edə bilmir. Dövlət öz iradəsini ərazi bütövlüyü kimi qoruyur – ora kimsə girə bilməz!
1 sentyabr Milli Məclisə seçkilərin keçirilməsi də Azərbaycanın iradəsinin, müstəqilliyinin ən ali səviyyədə ifadəsidir. Bu seçkiyə kənardan ləkə atmaq istəyənlər, onu gözdən salmağa çalışanlar var. Seçkini bəhanə edib Azərbaycanın üzərinə gələnlər, dövlətin imicini korlamağa təşəbbüs göstərənlər niyyətlərinə çatmağa çalışır. Alınmır. Mümkün olmur.
Xankəndi, 7 fevral 2024. Prezident İlham Əliyev səs verir
Bu gün bir neçə seçki dairəsində olduq. Müşahidələr apardıq. Məsələn, 33 saylı Xətai Birinci Seçki Dairəsində bəzi mənzərələrlə rastlaşdıq. Təbii, hər seçkidə çatışmazlıq olur. Belə çatışmazlıqlara dünyanın hər yerində rast gəlinir. Milyonlarla insanın iştirak etdiyi seçki prosesində hər şeyin qüsursuz olduğunu kimsə iddia etmir, buna gərək də yoxdur. Amma ortada iradə, istək varsa, bu texniki xətalar da normaldır. O istək, iradə isə budur ki, Azərbaycanda sabitlik olsun, əmin-amanlıq və qanunlar pozulmasın. Vətəndaşlar azad şəkildə seçkidə iştirak etsin.
Hə, qayıdaq 33 saylı seçki dairəsindəki vəziyyətə. Müşahidələrə görə, səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilirdi. Araşdırdıq, soruşduq, əksər rəylərə görə, 33-ün bütün məntəqələrində normalara tam əməl olunurdu.
Beynəlxalq müşahidəçilərin rahat şəkildə öz işlərini gördüyü də nəzərdən qaçmadı. Ərazidə olduğumuz müddətdə xüsusi şikayət, qarşıdurma, qanun pozuntusu haqda nə eşitdik, nə də belə fakta rast gəldik.
Azərbaycanda fəaliyyət göstərən Qərbə bağlı media müxtəlif dairələrdə seçki pozuntusunun olduğuna dair videolar paylaşır. Bununla da seçkini gözdən salmağa, prosesi zədələməyə çalışırlar. Amma yuxarıda da qeyd etdiyimiz kimi, belə təşəbbüslərə dünyanın hər yerində rast gəlinir. ABŞ-da, Avropa ölkələrində seçkilər qüsursuz keçirilir? Təbii ki xeyr! 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkisində nə qədər pozuntular üzə çıxdı. Bir neçə il seçkinin nəticələrinə dair araşdırma aparıldı. Hətta ABŞ hüquq mühafizə orqanları seçkilərə kənar dövlətlərin müdaxilə etdiyini iddia edirdi. Amerika prezidenti seçilmiş Donald Tramp buna görə dəfələrlə qınandı, istintaqa cəlb edildi, barəsində araşdırmalar aparıldı. Az qala seçkiyə xarici müdaxiləyə görə D.Trampa qarşı impiçment elan edilsin. ABŞ-da seçkinin nəticələrinin saxtalaşdırıldığı iddiaları hələ də tam təkzib edilməyib. Hazırda Amerika yenə seçkiyə hazırlaşır. Namizəd kimi təbliğat çıxışında Trampa qarşı sui-qəsd cəhdi oldu. Ölümdən son anda qurtuldu.
Pensilvaniya, 13 iyul 2024. Donald Trampa sui-qəsd cəhdi
Azərbaycanda nə seçkiyə başqa dövlətin müdaxiləsi var, nə də namizədlərdən hansısa sui-qəsdə məruz qalıb. Bizdə seçkilərə ən böyük müdaxiləni elə Qərb təşkilatları, dövlətləri etməyə çalışır. Bunun üçün nəzarətlərində olan medianı, QHT-ləri, dövlət strukturlarını hazır vəziyyətə gətiriblər.
Eynən Vətən Müharibəsində olduğu kimi, Azərbaycana qarşı səfərbərlik başlayıb. Bu seçki də Vətən Müharibəsi qədər önəmlidir, stratejidir. Çünki ilk dəfədir müstəqil Azərbaycanın bütün ərazisində parlament seçkisi keçirilir.
Xeyirli, uğurlu və davamlı olsun!
Bu yazını da oxuya bilərsiniz: Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı: “Mənə dedi ki…” – İNANILMAZ / VİDEO
Aydın Aslan
Globalinfo.az