Bakının Bakıxanov qəsəbəsinin əhali arasında hələ də “Razin” adlanması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bildirilir ki, ad dəyişikliyi olsa da, bakılılar 34 ildir bu qəsəbəyə “Razin” deyirlər. Jurnalist Şəhla Cabbarlı da bu məsələyə diqqət çəkib.
Sitat: “Özümüz qədər qatilinə aşiq olan bir xalq görmədim. 1667-ci ildə quldur Stepan “Razin” gəlib Bakını qarət edib, insanları öldürüb, evləri dağıtdırıb, millətə qorxu yaşadıb, qız-gəlinləri qaçırıb quldurlarına peşkəş edib. Siz niyə hələ də onun adını yaşadırsınız? Deyəcəklər, rayondan gələnlər… Siz “Razin” deyirsiniz, rayondan gələn fəhlə də sizə baxıb “Razin” deyir. Yoxsa Razin bilir onlar?”
Maraqlıdır, niyə hələ də əksəriyyət Bakıxanov qəsəbəsinə “Razin” deyir?
Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev qeyd edib ki, hələ Bakıxanov adına kənd olmayanda bakılılar bu yeri “Kevül-dağ” adlandırırdılar:
“Lakin 1925-ci il mayın 1-də neft mədənləri işçiləri üçün Bakıda S.Razin adına Fəhlə Kəndinin yaradıldığı üçün bura “Razin” adlanıb. Bu gün Bakıxanov adlanmasına baxmayaraq, sakinlər bu adı qəbul edə bilmirlər. Çoxu “Razin” qalmasını istəyir. Amma “Razin” qəddar adam olmaqla yanaşı, buralara quldurluq niyyəti ilə gəlib, insanları öldürüb, çapıb-talayıb”.
Z.Əliyev deyib ki, həmin ərazi 1936-cı ildən 1992-ci ilə kimi, təxminən, 56 il ərzində “Razin” adını daşıyıb:
“Bu qədər uzun müddət ərzində bu ad insanların yaddaşına, ünvan məlumatlarına və gündəlik həyatına hopub. Adətən, bir nəsil boyu istifadə olunan adı dəyişmək üçün çətin olur və köhnə ad gündəlik danışıqda uzun müddət yaşamaqda davam edir. Necə ki İçərişəhər hələ də “BakıSoveti” kimi deyilir. İnsanların yaddaşından bunun silinməsi üçün zaman lazımdır. Bu, rəsmi qərarlara deyil, daha çox şəxsi vərdişlərə bağlıdır. Biz latın qrafikalı əlifbaya keçəndə uzun müddət orta və yaşlı insanlar çətinlik çəkdi. Lakin keçən 20 ildən çox zamandan sonra artıq hər kəs bu əlifbada yazır, oxuyur. Bunu dəyişmək üçün uzunmüddətli təbliğat strategiyası tələb olunur. İnsanların şüurunda “Bakıxanov” adını kök saldırmaq üçün ən təsirli yollar bunlardır: Abbasqulu ağa Bakıxanovun şəxsiyyətini təbliğ edilməli, “Bakıxanovlular” ifadəsi formalaşdırılmalıdır. Məhəllə ilə bağlı gözəl xatirələr, uğurlu insanlar məhz “Bakıxanov” adı ilə bağlanmalıdır”.
Tarixçinin sözlərinə görə, avtobus dayancaqları, küçə nişanları, dövlət binalarının qarşısındakı yazılarla böyük və aydın şəkildə “Bakıxanov” yazılmalıdır:
“Razin” sözü rəsmi məkandan tamamilə silinməlidir. TV, radio aparıcıları qəsəbədən danışarkən davamlı olaraq “Bakıxanov” deməlidir. Yerli blogerlər çəkilişlərini “Bakıxanovda səhər”, “Bakıxanov bazarlığı” kimi başlıqlarla yayımlamalıdırlar. Gənc nəsil tanınmış şəxslərin bu adı işlətdiyini gördükcə onu mənimsəyər. Uşaqlar və gənclər üçün məktəb dərsliklərində, tarix dərslərində bu ad mütəmadi vurğulanmalıdır. 50 ildən sonra “Razin” adını yalnız yaşlı nəslin bir hissəsi xatırlayacaq, gənclər üçün isə “Razin” tamamilə yad söz olacaq”.
Zaira Akifqızı
Globalinfo.az