Bakıda restoran adı altında qumarxana işlədirmişlər – VİDEO

Bakıda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı restoran adı altında fəaliyyət göstərən qanunsuz qumarxana aşkarlanıb.

DİN-dən Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub.

Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar.

Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.