Bakıda bacısının ərinə qayçı ilə xəsarətlər yetirən şəxsin məhkəməsi keçirilib.
Globalinfo.az xəbər verir ki, Salyan rayon Sarvan kənd sakini, 1996-cı il təvəllüdlü İxtiyar Balayev Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədəki ifadələr zamanı məlum olub ki, hadisə baş verən gün İxtiyar yaşadığı Binə qəsəbəsindən bacısıgilin kirayə yaşadığı Səbayel rayonu Bayıl qəsəbəsinə gəlib. O, küçədə olarkən bacısının əri Şəhriyarla qarşılaşıb. Bu zaman İxtiyarın bacısı ona zəng edərək evdə olduğunu, qarınında kəskin ağrılar olduğunu və təcili özünü çatdırmasını deyib. İxtiyar dərhal bacısının yaşadığı evə gedib, Şəhriyar da onun ardınca gedib. Evə çatdıqda İxtiyar bacısını həkimə aparmadığına görə Şəhriyarın ünvanına təhqiramiz sözlər işlədib. Bu sözləri arxadan gələn Şəhriyar eşidib və mübahisə yaranıb.
Evdəki mebelin üzərindəki məişət qayçısını götürən İxtiyar yeznəsinə hücum edib. Bunu görən Şəhriyar qaçmağa başlayıb. Təxminən 50-60 metr qaçdıqdan sonra İxtiyar küçədə qohumunu yaxalayıb və qayçı ilə ona zərbələr endirib.
Ağır xəsarətlər alan Şəhriyar Məmmədov xəstəxanaya yerləşdirilib. Məhkəmədə isə o, qaynını bağışladığını və onunla barışdığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə İxtiyar Balayevə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Zaira Akifqızı
Globalinfo.az