Bakıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi yekunlaşdırıldı – YENİLƏNİB

Bakıda magistral su kəmərində qəzanın baş verdiyi ərazidə görülən tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

***11:33

Bakıda magistral su kəmərində qəzanın baş verdiyi ərazidə asfalt və səkilər yuyulur. 

Bu barədə Globalinfo.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları əraziyə gedib və hazırda ərazidə təmizlik işləri aparılır.

Bildirilib ki, hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.

***10:50

“Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qəza səbəbindən ərazidə olan yaşayış binasının təxminən 1500 metrlik ərazisində bir metr dərinliyində su olub. Nazirlik rəsmisi bildirib ki, hazırda suyun miqdarı 60 sm azalaraq 30 sm-ə enib. O, nə qədər obyektə ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadığını vurğulayıb: “Çünki hazırda suçəkmə işləri ilə məşğuluq. İki saat ərzində işlər yekunlaşa bilər”.

R.Nəsirov bildirib ki, suçəkmə prosesinə FHN-in üç avtomobili və digər vasitələri cəlb olunub.

***10:06

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, ərazidəki su çəkilib.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, “Azərsu” ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.

Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır.

***09:35

Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.