Ermənistanda 9 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında həlak olan zabitin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, noyabrın 3-də Uşi döngələrində baş verən qəzada 50 yaşlı polkovnik-leytenant Vaqram Asatryan, həyat yoldaşı Anjela və 18 yaşlı oğlu Rafael həyatını itirib.
Məlumata görə, Vaqram Asatryan Ermənistan Müdafiə Nazirliyində çalışıb və polkovnik-leytenant rütbəsində olub. Həmçinin uzun illər Qarabağda hərbi xidmət keçib, terrorçu fəaliyyətlərlə məşğul olub.
Bildirilir ki, qəzada ölən oğlunun cəmi bir neçə gün əvvəl 18 yaşı tamam olub.
Xatırladaq ki, noyabrın 3-də axşam saatlarında Uşi döngələrində “Jeep Compass”, “Chevrolet Volt”, “Opel Zafira” markalı avtomobillər və qoşqulu yük maşınının iştirakı ilə ağır qəza baş verib. Nəticədə 9 nəfər ölüb, 3 nəfər yaralanıb.

