Çökdüyü xəbəri yayılan körpünün son halı – VİDEO/FOTO

Bakıda çökdüyü xəbəri yayılan körpüdə artıq problem aradan qaldırılıb.

Globalinfo.az körpünün son halının görüntülərini təqdim edir:

***13:57

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə (“Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Globalinfo.az-a verilən məlumata görə, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

AAYDA: Bakıda körpünün asfalt-beton örtüyündə çökmə aradan qaldırılıb - YENİLƏNİB

***10:45

Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırlması üçün işlər görülür.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb.

“Hadisə gecə saatlarında intensiv hərəkətə baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunurlar və problem aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunur”, – o vurğulayıb.

Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaq.

***10:06

Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində (“Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

Globalinfo.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq.

***09:45

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə Globalinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, – Mərkəz diqqətə çatdırıb.