Bakıda beynəlxalq konfrans keçirilir

Baş Prokurorluğunun və İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Globalinfo.az xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edir.

Kamran Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi, ölkədə dayanıqlı ictimai-siyasi sabitliyi birdəfəlik təmin edən digər faktorların da yaradılıb:

“Azərbaycanın bu gün də davam edən inkişafının təməlinin qoyulması cari ildə 100 illik yubileyini qeyd etdiyimiz Xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 22 fevral 1998-ci il tarixdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanıb və ona uyğun olaraq “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” hazırlanmışdır. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezidentin 18 iyun 1998-ci il tarixli fərmanında müvafiq dövlət qurumları üzərinə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılmasının təmin edilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi vəzifəsi qoyub.

“İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının” həyata keçirilməsi istiqamətində işlər davam etdirilərək ötən illər ərzində Azərbaycan Respublikası İnsan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib”.

Kamran Əliyev bildirib ki, ulu Öndərin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilib:

“Müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilib. Dünyanı bürümüş maliyyə böhranı şəraitində vətənimizin iqtisadi qüdrəti artıb, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya dönməz xarakter alıb.

Biznesin insan hüquqlarının reallaşdırılmasına təsiri, bu hüquqların pozulmasına görə kommersiya təşkilatlarının məsuliyyəti məsələsi son onilliklərdə Birləşmiş Millətlər Təşkilatının ciddi tədqiqat predmetinə çevrilib. 1999-cu ildə İsveçrənin Davos şəhərində baş tutmuş Beynəlxalq İqtisadi Forumda bütün dünya əhalisinin tələblərinə cavab verəcək qlobal dəyər və prinsiplər toplusunun işlənib hazırlanması fikri irəli sürülüb və 2000-ci ildə bu fikir BMT-nin “Qlobal Saziş”ində biznesin beynəlxalq səviyyədə təsbit olunmuş insan hüquqlarına hörmət etməsini, dəstəkləməsini və bu hüquqlara riayət olunmasını nəzərdə tutan “on prinsip” vasitəsi ilə öz təsdiqini tapıb”.

“Qlobal Saziş” “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin, Beynəlxalq Əmək Təşkilatının “İş yerlərində hüquqlar və əsas prinsiplərə dair Bəyannaməsi”nin, “Ətraf mühit və inkişaf haqqında Rio-de-Janeyro Deklarasiyası”nın və BMT-nin “Korrupsiyaya qarşı Konvensiyası”nın tələblərinə istinadən tərtib olunmuş və könüllülüyə əsaslanmaqla qeyd olunan on prinsipin beynəlxalq səviyyədə sahibkarlıq fəaliyyətinə inteqrasiyasını, BMT-nin inkişafla bağlı geniş miqyaslı məqsədlərinin həyata keçirilməsi üzrə fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutur.

Bundan əlavə, BMT-nin “Müdafiə, hörmət və hüquqmüdafiə vasitələri” layihəsi çərçivəsində İnsan Hüquqları Şurasının 16 iyun 2011-ci il tarixli, 17/4 saylı Qətnaməsi ilə BMT-nin “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsipləri” təsdiq edilib.

Azərbaycan Respublikası qeyd olunan sahədə çoxsaylı beynəlxalq təşəbbüslərə qoşulmaqla, insanların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq onların hüquq və azadlıqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürüb.

Azərbaycan xalqının təntənəli surətdə bəyan etdiyi prinsiplər sırasında qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq niyyətini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan edib, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsini təsbit edib.

Bu mənada, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin eyni zamanda insan hüquq və azadlıqlarının səmərəli hüquqi müdafiə mexanizmi kimi çıxış etməsi, qanunla nəzərdə tutulan maddi və prosessual hüquq normalarına, onların rəsmi şərhinə, formalaşmış məhkəmə təcrübəsinə riayət edilməsinin davamlılığını təmin etməklə yanaşı, qeyd olunan istiqamətlər üzrə fəaliyyətin və ümumilikdə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları və əsas azadlıqları ilə bağlı beynəlxalq və konstitusion prinsiplərin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınaraq tətbiqinə, ictimai münasibətlərin nizama salınmasında hüquq normalarının tənzimləyici rolunun artırılmasına və hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət etməsi Konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfransın həmsədri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da çıxışında biznes və insan hüquqları sahəsinin Müvəkkilin daim diqqət mərkəzində olmasını, bu sahədə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə Müvəkkil tərəfindən davamlı olaraq tədbirlərin təşkil olunmasını, elmi-analitik iş aparılaraq, beynəlxalq təcrübənin öyrənilməsini, bu istiqamətdə dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın davam etdirilməsini vurğulayıb.

Konfrans zamanı biznes fəaliyyətinin şəffaflığı və müvafiq dəstək mexanizmləri, dayanıqlı inkişaf kontekstində məsuliyyətli biznes, dürüstlüklə biznes etmək – davamlı inkişafın açarı, korrupsiya ilə mübarizə və insan hüquqlarını qorumaq üçün özəl sektor üçün yeni yanaşmalar, özəl sektorda anti-korrupsiya standartları, cinayət aktivlərinin bərpası insan hüquqları və iqtisadiyyatın şəffaflığı kontekstində, şəffaf iqtisadiyyatda qadın sahibkarlığının inkişafı, şəffaflıq və ictimai nəzarət mövzularında çıxışlar edilərək, ətraflı müzakirələr və səmərəli fikir mübadiləsi aparılıb.