Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bunu Baku.vs-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, rayon ərazisində ümumilikdə 52 qəzalı çoxmənzilli yaşayış binası var.
AQC sədri qeyd edib ki, qəzalı binalardan 10-u üzrə sakinlərin köçürülməsi artıq başa çatıb. Daha 7 binada isə köçürülmə prosesinə başlanılıb.
“Hazırda Bakıxanov qəsəbəsində Ramiz Qəmbərov küçəsində yerləşən 6 bina, Aşıqalı küçəsində isə 1 bina artıq sökülüb. Bundan başqa, Həməd Sultanov və Əfəndiyev küçələri, həmçinin Ramana qəsəbəsinin 11-ci və 12-ci mədən sahələrində yerləşən qəzalı binalarla bağlı sakinlərin köçürülməsi prosesinə başlanılıb”, – deyə V.Oruc bildirib.
O əlavə edib ki, qəzalı binaların sökülməsi zamanı sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazidən asılı olaraq fərqli müəyyənləşdirilir. Bunun üçün əvvəlcə qiymətləndirmə aparılır. Söküntü ilə bağlı qərar qəbul edildikdən sonra müvafiq qiymətləndirici şirkət tərəfindən mənzillərin dəyəri müəyyənləşdirilir və kompensasiya məbləği hesablanır.
“Sabunçu rayonunun ayrı-ayrı ərazilərində yaşayış sahələri üçün kompensasiya məbləği əsasən 1 350-1 500 manat aralığında dəyişir. Rayonun mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mehmandarov və Mədəniyyət küçələri istiqamətində qiymətlər daha yüksək ola bilər”, – deyə ekspert qeyd edib.
V.Orucun sözlərinə görə, qeyri-yaşayış sahələri üçün kompensasiyanın yaşayış sahələri ilə müqayisədə təxminən 20-25 faiz daha yüksək olması nəzərdə tutulur.
“Qəzalı binaların sökülməsi və sakinlərin köçürülməsinin qarşıdakı mərhələdə Məmmədəliyev, Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, keçmiş Əfəndiyev, hazırda Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də həyata keçirilməsi gözlənilir. İlkin mərhələdə sökülməsi nəzərdə tutulan qəzalı binaların təxminən 20 faizi Sabunçu rayonunun payına düşür”, – deyə o əlavə edib.