Bakı və İrəvan razılaşsa, “üçüncü düşmən” peyda olacaq?

Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müzakirələrində birbaşa danışıqlar ideyası tez-tez səsləndirilir. Lakin paraleldə Qərbin və Rusiyanın regionda maraqları var və onlar sülhün məhz öz platformalarında imzalanmasını istəyirlər.

Maraqlıdır, iki ölkə arasında vasitəçisiz sülh müqaviləsi imzalanarsa, sözügedən qüvvələr tərəfindən təzyiqlər ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin müddəalarından daha çox, onun harada imzalanması mübahisə doğurur:

“Qərbin və Rusiyanın açıq qarşıdurma şəraitində olduğu məqamda Azərbaycan yeganə düzgün yolu təklif etdi. Rəsmi Bakı vasitəçisiz danışıqlarda maraqlıdır. Prezident İlham Əliyev də son müsahibəsində bu məqama toxunub: üçüncü ölkənin iştirakı olmadan tərəflərin qarşılıqlı formada prosesi başa çatdıracağını vurğulamışdı”.

Abutalıb Səmədov

Politoloq qeyd edib ki, artıq rəsmi İrəvandan da sözügedən istiqamətdə açıqlamalar müşahidə olunur:

“Ermənistan parlamentinin spikeri Alen Simonyanın da eyni qəbildən açıqlama verməsi göstərir ki, ikitərəfli görüşlərin baş tutması istisna deyil. Ümid edək ki, Qərb və Rusiya ikitərəfli danışıqların yeganə çıxış yolu olduğunu anlayar və öz aralarındakı mübahisəni sonrakı mərhələlərə saxlayacaqlar”.

Safura Bənnayeva
Globalinfo.az