Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı

“Siyasi partiyalar haqqında yeni qanun qəbul edildikdən sonra qərara gəldik ki, bu məsələni müzakirə edək, keçdiyimiz yola nəzər salaq. Müzakirələrdən sonra partiya olaraq fəaliyyət göstərməyin zəruri olmadığını anladıq”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov partiyasının fəaliyyətini dayandırması ilə bağlı danışarkən deyib.

O, əhalinin siyasi partiyalara marağının olmadığını bildirib:

“Bu gün 10-15 min üzvü olduğunu iddia edən partiyaların maksimum 50-100 üzvü var. Bu, reallıqdır! İnsanlar partiyalara problemlərini həll etmək, potensiallarını göstərmək, müəyyən mərtəbələrə qalxmaq üçün qoşulurlar. Bizdə hansı partiya problem həll edə və ya dəstək ola bilir?!

90-cı illərdə Azərbaycanın ən böyük partiyalarından olmuşuq. Bütün seçkilərdə iştirak etmişik, 1995-ci ildə 8 partiyadan biri seçilmişik. Amma reallıq ondan ibarətdir ki, bu gün biz qapı-qapı gəzib beş min imza yığmaq həvəsində deyilik. Əslində, dostlar, tanışlar sayəsində o qədər imzanı toplaya bilərik, lakin xalq partiyalara dəstək vermir”.

Siyasətçi qeyd edib ki, onların partiyasının əsas məqsədi Qarabağın azad edilməsi olub:

“Hesab edirəm, bu məqsədimizə çatmışıq. Qalır bəzi ərazilərdə suverenliyimizin bərpası, onu da zamanla təmin edirik.

Hərbi əməliyyatlar dövründə biz reallığı gördük: xalq parçalanmanın yox, birləşmənin tərəfdarıdır. Biz də öhdəliyimizə düşəni etdik – partiya olaraq arenadan çəkildik. Düşündük ki, bu addımla xalqın birliyinə töhfə vermiş olarıq”.

A.Səmədov əksər siyasi partiya liderlərinin, sadəcə, siyasi ekspert kimi fəaliyyət göstərdiklərini bildirib:

“Onlar müəyyən hadisələrə münasibət bildirərək siyasi ekspertlik edirlər. Ona görə də bundan sonra fəaliyyətimi elə siyasi ekspert kimi davam etdirəcəyəm. Bu gün Azərbaycanda ən çox ehtiyac olan məsələlərdən biri xalqın maariflənməsinin təşkilidir. Bu vaxta kimi əlimdən gələni etmişəm, müəyyən həqiqətləri çatdırmağa çalışmışam. Bundan sonra da siyasi ekspert kimi çalışacağam”.

Zaira Akifqızı
Globalinfo.az