Bakı Vardanyanın “yerinə” gələn şəxslə… – Analitik detalları açdı

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndi şəhərində qondarılmış separatçı rejimin saxta “dövlət naziri” Ruben Vardanyanın “istefa” verəcəyi, “yerinə” isə “baş prokuror” Qurgen Nersisyanın gələcəyi xəbərləri siyasi kluarlarda diqqətlə izlənilir. Bəs Vardanyanın “vəzifədən” gedişi, əvəzində Nersisyanın gəlişi nəyi dəyişəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan analitik Asif Nərimanlı bildirib ki, hazırda əsas məsələ Vardanyanın getməsidir:

“Azərbaycan da Vardanyanın getməsini istəyir. Rubenin göndərilməsinin əsas səbəblərindən biri də Paşinyan hakimiyyətinin bunda maraqlı olmasıdır. Vardanyanın gəlişi bizim üçün risklər yaratdığı kimi, Ermənistan üçün də risk yaradır. Sirr deyil ki, Rusiya onu Azərbaycan və erməni əhalisi arasında təmaslarda nümayəndə kimi istifadə etmək istəyirdi. Hazırkı separatçı rejim Azərbaycan tərəfindən qəbul edilmir və onlara qarşı cinayət işi açılıb”.

Analitik deyib ki, Nersisyan qondarma rejimin “dövlət naziri” olarsa, yenə də münasibətimiz dəyişməz olaraq qalacaq:

“Vardanyanın ortadan çıxması onların müəyyən qədər bizim şərt və tələbimizlə razılaşmalarını labüd edəcək. Ermənistan Laçın yolunda keçirilən aksiyadan sonra mövcud vəziyyətlə barışıb. Artıq Bakının göndərdiyi tələbləri icra etməyə məcburdurlar”.

A.Nərimanlının sözlərinə görə, Vardanyanın bölgədə qalması “post”dan uzaqlaşdırıldıqdan sonra ola bilər:

“Onun Xankəndidə qalmasına qarşı praktiki olaraq hər hansı addım atmaq çətindir. Sadəcə, Vardanyan bölgəni tərk etdikdən sonra ora qayıtmağa cəhd edən zaman onun bölgəyə girişinə imkan verilməyə bilər. Amma Vardanyan orada qalıb işinə davam edəcəksə, bu o deməkdir ki, Ruben Rusiyanın separatçı rejimə qarşı əlində saxladığı kart olacaq. Çünki onun kifayət qədər pulu var. Lakin hazırda Bakının tələbi həmin adamın erməni əhalisi ilə təmaslarda sıradan çıxarılmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az