26defc10 95d7 3ed5 8246 076fee4ee193 825

Bakı Metropoliteni QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Globalinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qurumda aparılmış səmərəlilik qiymətləndirmələrindən sonra metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin – o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin – bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşımanın təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətləri kənar ixtisaslaşmış şirkətlərin göstərməsi barədə qərar qəbul olunub.

Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb.

Belə ki, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif olunur:

– Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;

– “Bakı Metropoliteni”ndə mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;

– Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi.

“Bakı Metropoliteni” bütün prosesləri şəffaflıqla, sosial məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam riayət etməklə həyata keçirir. Təsdiqlənmiş məlumatlar yalnız qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq”, – deyə məlumatda qeyd olunub.

***12:55

Bakı Metropoliteni QSC-də ixtisarlar aparılır.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir.

Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində əvvəlcə 8 saatlıq rejimə keçid, bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb:

“Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara Bakı Metropoliteninin başqa bir şirkətin idarəçiliyinə verildiyi bildirilir. Bu səbəbdən də işçilərin sayının azaldıldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılır”.

İddia olunur ki, ixtisarlar dekabrın 4-dən başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən metro işçilərinin orta aylıq maaşı 1 241,5 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96,8 manat və ya 8,5% çox idi. Ötən ilin yanvarında isə işçilər Bakı Metropoliteni rəhbərliyinin əmək haqqı artımlarını ödəməməkdə günahlandırmışdılar.

Nəzərə çatdıraq ki, metroda gediş haqqı 60 qəpik təşkil edir. Sərnişin sayına görə (yanvar-oktyabr aylarında 184 513,6 nəfər) ən çox istifadə edilən nəqliyyat növü ölmasına baxmayaraq, Bakı Metropoliteni illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiya nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur. Bu ilin büdcəsində Bakı Metropoliteni QSC-yə 2024-cü illə müqayisədə 44,7% az 27,7 milyon manat subsidiya proqnozlaşdırılıb. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2% çoxdur.

Bakı Metropoliteninində sərnişindaşımada qiymət artımından sonra bu qurumun gəlirləri artıb. Bakıda yeganə metro operatoru olan Bakı Metropoliteni QSC 2024-cü ildə 100.44 milyon manat gəlir əldə edib. Həmin ildə gediş haqqı 50 qəpiyə qaldırılmışdı. Metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunmuşdu.

Xatırladaq ki, Bakı Metropoliteni QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhifəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.

Paylaş: