Sentyabrın 5-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək. 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək. 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Ermənistana 5 təməl prinsipdən ibarət sülh təşəbbüsü ilə çıxış etdi:
“Məqsəd Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi və regiona əmin-amanlığın gəlməsi idi. Ümumilikdə Azərbaycan qonşuları ilə dinc yaşmaq prinsipini həmişə əsas götürür. Bu münasibəti beynəlxalq hüquqa əsasən tənzimləyir. Azərbaycan praktik olaraq Ermənistanla münasibətləri bərpa etməkdədir. Real sülhün əldə olunması üçün bu, mühümdür. Nəticə olaraq Ermənistana yüklərin daşınmasına icazənin verilməsi, habelə iqtisadi münasibətlərin tədricən bərpası da bundan irəli gəlir.

Azad Məsiyev
Qarşı tərəf prosesi düzgün qiymətləndirib buna uyğun davam etməlidir. Ümumilikdə bu məsələ həm də bir siyasi mesajdır. Çünki iqtisadiyyatla siyasətin bir-birinə bağlılığı var. İqtisadi münasibətlərin yaxşı olması siyasi münasibətlərin bərqərar olmasına gətirib çıxarır. Azərbaycanın Ermənistana neft məhsulları satması sülh üçün real addımdır.
Vaşinqtonda əldə edilən razılaşalar, həmçinin liderlərin sonuncu Qırğızıstan səfəri zamanı keçirdiyi görüşlər hər şeyin münasibətlərin yaxşı olmasına hesablandığını göstərir”.
Turan Rzayev
Globalinfo.az