Bakı hərəkətə keçib: Zəngəzur dəhlizi ilə bağlı son gəlişmələr – FOTO


“Zəngəzur dəhlizi” dediyimiz, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 73%-nin hazır olduğu bildirilir. Bu da dəhlizin yaxın zamanlarda açıla biləcəyi ilə bağlı müzakirələri gücləndirir.

Bəs beynəlxalq hüquqda bu məsələyə yanaşma necədir?

Proseslə bağlı vəziyyəti Globalinfo.az-a şərh edən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev SSRİ dövründə də bənzər məsələnin olduğunu bildirib:

“Beynəlxalq müstəvidə müəyyən ölkənin ərazisindən ayrı qalmış istənilən bölgəsinə dəhlizin, keçid hüququnun verilməsi təcrübəsi, hətta ənənəsi var. Məsələn, Kalininqradla Rusiyanı birləşdirən yol buna nümunədir. Başqa ölkələrdə də buna misallar var. Bu, insanların rahat hərəkətinin təmin edilməsi baxımdan son dərəcə normal qəbul olunur. Bunu dövlətlər arasında xoş niyyət məramı da adlandırmaq olar. Yəni bu mövzuda dünya təcrübəsi var və gələcəkdə də olmağa davam edəcək. SSRİ dövründə Ermənistan ərazisində olan Azərbaycan kəndlərinə yol hüququ verilirdi”.

F.Mehdiyev iki ölkənin də imzaladığı sənədə əsasən dəhlizin açılmalı olduğunu, amma statusu məsələsinin qaranlıq qaldığını deyib:

“Sözügedən dəhliz Ermənistan ərazisi qəbul ediləcək. Burada əsas məsələ maneəsiz keçid hüququ və təhlükəsizliyin təmin edilməsidir. Dəhlizdən istifadə isə sadəcə bizim deyil, bir çox ölkənin maraqlarına uyğun olacaq. Bu, ticarət prosesinin yüngülləşməsi baxımdan istehlakçılar üçün də faydalı olacaq. Nəqliyyat ucuzlaşdırılsa, bu, yekun qiymətə təsir edir, sığorta azalır. Bu da ümumilikdə qiymətlərin azalması ilə nəticələnir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması müxtəlif aspektlərdən faydalı və praqmatikdir. Bu, Ermənistanın özünə də lazımdır, çünki Türkiyə ilə münasibətlərinin normallaşmasına təsir edəcək”.

Politoloq İlyas Hüseynov isə dəhlizin açılmasının niyə bu qədər gecikməsinə aydınlıq gətirib:

“Rəsmi İrəvanla yanaşı, İranın da mövqeyi təzadlıdır. Avropa İttifaqı isə öz vasitəçilik imkanları ilə kommunikasiyalar üzrə suverenliyin tərəfdarıdır. Prezident İlham Əliyev Münxendə məhz bu məqamı əsas gətirərək həm Laçın yolunda, həm də Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqələrinin formalaşdırılması təklifi ilə çıxış etmişdi. Ermənistanın bu məsələdə də inkaredici mövqedə olması təəssüf doğurur. İrəvan heç bir konstruktiv yanaşmanı qəbul etmir. Ona görə də proses siyasi-diplomatik baxımdan dalana dirənir”.

Politoloq qeyd edib ki, Mərkəzi Asiya ölkələri də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və Türk Dövlətləri Təşkilatının formalaşması, institutsional səviyyədə inkişaf etdirilməsi də bunun göstəricisidir.

Ayşən Mustafa
Globalinfo.az