İsrail mövqeyimiz bizə problem yarada bilərmi?

Mövcud İsrail-HƏMAS gərginliyi dünya ölkələrini, cəmiyyətləri iki yerə bölüb. Bir qrup ölkə İsraili dəstəkləsə də, bəziləri HƏMAS-ın haqlı olduğunu düşünür. Azərbaycan rəsmi olaraq heç bir tərəfi dəstəkləməsə də, ictimaiyyətin böyük qismi İsrailə dəstək nümayiş etdirir.

Azərbaycan xalqı ilə yəhudi xalqının münasibəti hər zaman yaxşı olub. Bu, dövlətlərarası münasibətlərə də təsirini göstərib. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub.

Maraqlıdır, azərbaycanlıların İsraili bu qədər dəstəkləməsi İslam dünyasında bizi qınaq obyektinə çevirə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Azərbaycan və İsrailin çox dərin münasibətləri var:

“Xüsusilə hərbi-siyasi, lobbi və təhlükəsizlik sahəsində çoxşaxəli, davamlı əlaqələrimiz var. Rəsmi Təl-Əvivin İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyi də təqdirəlayiqdir. Hətta İsrail bizə Türkiyədən sonra ən çox dəstək verən ikinci ölkə idi.

Bütün bunlar Azərbaycan cəmiyyətində İsrailə qarşı müsbət münasibət yaradır. Azərbaycanda tarixin heç bir dövründə yəhudilərə qarşı zorakılıq, soyqırım olmayıb. Hətta demək olar ki, dünyada yəhudilərin ən rahat yaşadığı ikinci ölkə məhz Azərbaycandır.

Turab Rzayev

Hesab edirəm, bu və digər faktorlar bu gün Azərbaycan cəmiyyətinin İsrail-HƏMAS qarşıdurmasında Təl-Əvivi daha çox müdafiə etməsinin səbəbidir. Lakin rəsmi Bakının xarici siyasətdə münaqişələrə baxışı hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olub”.

Turan Rzayev
Globalinfo.az