esdas

Azərbaycanlı həkim çanaq dibi cərrahiyyəsi sahəsində diqqətçəkən elmi-praktik uğura imza atıb. Belə ki, Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı və Bakı Sağlamlıq Mərkəzinin ambulator cərrahi bölümünün rəhbəri, tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah Aynur Hüseynzadənin qadınlarda çanaq dibi problemlərinin cərrahi müalicəsi ilə bağlı 4 ixtirasına Avrasiya patenti verilib.

Globalinfo.az bununla bağlı Aynur Hüseynzadə ilə həmsöhbət olub.

– Aldığınız Avrasiya patenti hansı yeni əməliyyat üsulunu əhatə edir və bu yenilik mövcud metodlardan nə ilə fərqlənir?

Avrasiya patentləri çanaq dibi cərrahiyyəsi sahəsinə aiddir. Bu patentlər qadınlarda sidik qaçırma, sistosele, rektosele, enterosele və posttravmatik anal sfinkter çatışmazlığı kimi mürəkkəb problemlərin cərrahi müalicəsini əhatə edir. Daha əvvəl əldə etdiyimiz patent isə qadınlarda ağırlaşmış, kombinə olunmuş sidik qaçırma hallarının cərrahi müalicəsinə aid idi. Söhbət əsasən bu xəstəliklərin üçüncü və dördüncü dərəcəli, ağırlaşmış formalarında tətbiq olunan əməliyyatlardan gedir. Bu problemlərin müalicəsi üçün müxtəlif əməliyyat üsulları mövcuddur. Lakin onların hamısı uzunmüddətli və qənaətbəxş nəticə vermir. Bunun əsas səbəbi xəstəliyin təkrarlanma riskinin yüksək olmasıdır.

Çanaq dibinin rekonstruktiv cərrahiyyəsində tətbiq olunan əsas əməliyyatlardan biri torlu sakrospinal fiksasiya əməliyyatıdır. Bu zaman çanaq dibində yerləşən möhkəm bağlardan xüsusi tor keçirilir və həmin tor sallanmış orqanları qaldıraraq onların normal anatomik vəziyyətini bərpa edir. Bu üsul uzunmüddətli nəticə verir. Problemin əsas səbəbi toxumaların zəifləməsidir. Orqanları saxlayan bağların və fassiyaların zəifləməsi nəticəsində sallanma baş verir. Yalnız zəifləmiş öz toxumalarının bərpasına əsaslanan əməliyyatlarda sonradan yenidən cırılma və problemin təkrarlanması mümkündür. Buna görə də zəifləmiş toxumalar xüsusi sintetik materiallarla əvəz edilməlidir.

Bu əməliyyatları Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ixtisasartırma kurslarında öyrənmişik. Sonrakı illərdə əməliyyatları icra edərkən müəyyən çatışmazlıqların olduğunu müşahidə etdik. Bəzi hallarda nəticələr gözlənilən səviyyədə olmadığı üçün öz təcrübəmizə əsaslanaraq əməliyyat texnikalarını təkmilləşdirdik. Patentləşdirilmiş yeni üsullar həmin əməliyyatların daha inkişaf etdirilmiş formalarıdır. Burada əlavə materiallardan və xüsusi metodlardan istifadə olunur ki, bu da nəticələrin daha yaxşı olmasına imkan verir.

1 21

– Bu əməliyyatın tətbiqi xəstələr üçün hansı üstünlüklər yaradır?

– Patentdə təklif etdiyimiz yeni əməliyyat üsulları çanaq dibinin müxtəlif qüsurlarını əhatə edir. Bu problemlərdən ən çox qadınlar, xüsusilə də hamiləlik və doğuşlardan sonra əziyyət çəkirlər. Belə hallar onların həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir və çox vaxt illərlə davam edir. Əməliyyatlarımızın əsas məqsədi qadınların həyat keyfiyyətini maksimum dərəcədə yaxşılaşdırmaq və problemi birdəfəlik aradan qaldırmaqdır. Bir sıra ənənəvi əməliyyatlardan sonra xəstəliyin təkrarlanması mümkündür. Təklif etdiyimiz üsullar isə sallanmanın və digər problemlərin yenidən yaranma riskini minimuma endirir. Xüsusilə posttravmatik anal sfinkter çatışmazlığını vurğulamaq istərdim. Bu, ağır sosial nəticələrə səbəb olan problemlərdən biridir. Doğuş zamanı baş verən cırılmalar, epiziotomiya və ya bəzi proktoloji əməliyyatlar nəticəsində anal sfinkter zədələnə bilər. Nəticədə insan qazı və nəcisi saxlamaq qabiliyyətini itirir. Bu isə xəstələrin sosial həyatdan təcrid olunmasına, normal işləyə və cəmiyyət içərisində sərbəst hərəkət edə bilməməsinə səbəb olur. Bu problemin cərrahi müalicəsi dünyada geniş istifadə olunan üsullardan biridir və biz də uzun illərdir həmin əməliyyatları icra edirik. Lakin əməliyyatdan sonra çapıq toxumasının yaranması səbəbindən əzələnin funksiyası tam bərpa olunmaya bilər. Digər tərəfdən, əməliyyat sahəsinin infeksiyalaşma riski də mövcuddur ki, bu da yaranın ayrılmasına və əməliyyatın nəticəsiz qalmasına səbəb ola bilər.

Bu problemlərin qarşısını almaq üçün xüsusi yanaşma təklif etmişik. Bəzi üsullarda əvvəlcə bağırsaq qarının ön divarına çıxarılır, əməliyyat icra edilir və iki-üç ay sonra bərpa mərhələsi həyata keçirilir. Biz isə bu üsuldan istifadə etmirik. Əvəzində əməliyyatdan sonrakı dövrdə xüsusi sxem tətbiq olunur. Bu sxem yaranın infeksiyalaşmasının qarşısını alır, onun birincili sağalmasını təmin edir. Bundan əlavə, müəyyən müddətdən sonra sfinkter əzələsinə xüsusi inyeksiyalar tətbiq edilir ki, bu da əzələnin gücünü artırır. Beləliklə, biz həm anatomik quruluşu bərpa edir, həm də funksional nəticələri yaxşılaşdırırıq. Eyni yanaşma düz bağırsağın ağır dərəcəli sallanmalarının müalicəsində də tətbiq olunur. Ənənəvi əməliyyatlar bəzi hallarda tam anatomik nəticə verməyə və ya təkrarlanmanın qarşısını almağa kifayət etmir. Təklif etdiyimiz üsullar isə daha möhkəm, dayanıqlı və funksional nəticələrin əldə olunmasına imkan yaradır.

2 17

– Bəs əməliyyatın sağalma müddəti və nəticələr baxımından hansı dəyişikliklər gözlənilir?

– Baxmayaraq ki, bu əməliyyatlar rekonstruktiv və texniki baxımdan kifayət qədər mürəkkəb cərrahi müdaxilələrdir, pasiyentlərin bərpa prosesi sürətli keçir. Anal sfinkter çatışmazlığı olan xəstələrdə müəyyən məhdudiyyətlərə riayət olunur. Lakin çanaq orqanlarının sallanması və sidik qaçırma problemi ilə əməliyyat olunan pasiyentlər adətən növbəti gündən aktivləşdirilir və qısa müddətdə normal həyat tərzinə qayıda bilirlər.

– Patentin alınması prosesi necə keçdi? Bu yeniliyin patentləşdirilməsi üçün hansı elmi və praktik əsaslar təqdim olundu?

– Müəyyən bir əməliyyat üsulu üçün patent almaq kifayət qədər mürəkkəb və uzunmüddətli prosesdir. İlk növbədə patentləşdirilməsi nəzərdə tutulan üsul xüsusi qaydalara uyğun şəkildə hazırlanaraq sənədləşdirilir. Daha sonra sənədlər müvafiq patent qurumlarına təqdim edilir. Patent materialları tam şəkildə hazırlanmalı və Azərbaycan dilində təqdim olunmalıdır. Bundan sonra sənədlər Avrasiya Patent Agentliyinə göndərilir. Agentlikdə fəaliyyət göstərən xüsusi ekspert komissiyaları təqdim olunan üsulu ətraflı şəkildə araşdırırlar. Əsas məqsəd həmin əməliyyat metodunun dünyada analoqunun olub-olmadığını müəyyənləşdirməkdir. Əgər aparılan ekspertizalar nəticəsində bu üsulun yeni olduğu və əvvəllər tətbiq edilmədiyi təsdiqlənərsə, patentin verilməsi ilə bağlı müsbət qərar qəbul olunur. Adətən patentlərin alınması prosesi aylarla davam edir, bəzi hallarda isə bir neçə ilə qədər uzana bilir. Əgər ekspertiza zamanı oxşar və ya eyni üsul aşkar olunarsa, müraciətə rədd cavabı verilə bilər. Bizim əldə etdiyimiz üç patentlə bağlı ən diqqətçəkən və mühüm məqam ondan ibarətdir ki, onların ekspertiza prosesi son dərəcə qısa müddətdə tamamlandı. Cəmi iki ay yarım ərzində patentlərin verilməsi ilə bağlı müsbət rəy təqdim olundu və üç ay tamam olmadan, may ayında patentlər rəsmən qeydiyyata alındı. Bu isə patent təcrübəsində kifayət qədər nadir rast gəlinən hallardan hesab olunur.

3 25

– Gələcəkdə tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulurmu?

– Patentlərin alınması hər zaman mürəkkəb və uzun prosesdir. Lakin patentlərimizin çox qısa müddətdə, əlavə suallar və iradlar olmadan təsdiqlənməsi təqdim etdiyimiz üsulların beynəlxalq səviyyədə də elmi yenilik kimi qəbul olunduğunu göstərir. Bu isə bizim üçün həm böyük məsuliyyət, həm də gələcək fəaliyyətimiz üçün ciddi stimul yaradır. Məqsədimiz bu nailiyyətlə kifayətlənməmək, gələcəkdə də yeni elmi yanaşmalar, innovativ üsullar və uğurlu nəticələrlə bu sahənin inkişafına töhfə verməkdir.

– Avrasiya patentinin əldə olunması Azərbaycan tibb elmi və cərrahiyyəsi üçün nə deməkdir? Bu uğurun beynəlxalq əməkdaşlıqlara və yeni layihələrə təsiri olacaqmı?

– Təbii ki, bu, Azərbaycan səhiyyəsi üçün mühüm uğurlardan biridir. Qarşıdakı dövrdə əldə etdiyimiz patentləri həm elmi məqalələr, həm də beynəlxalq konfrans və çıxışlar vasitəsilə dünyada tanıtmağa çalışacağıq. Çanaq dibi və rekonstruktiv çanaq dibi cərrahiyyəsi cərrahiyyənin ən mürəkkəb sahələrindən biri hesab olunur. Eyni zamanda, digər cərrahi istiqamətlərlə müqayisədə bu sahə ilə məşğul olan mütəxəssislərin sayı dünyada daha azdır. Buna görə də əldə etdiyimiz nəticələri, tətbiq etdiyimiz üsulları və onların effektivliyini beynəlxalq elmi ictimaiyyətə təqdim etməyi qarşıya məqsəd qoymuşuq.

– Bu yeniliyin müəllifi kimi növbəti elmi və peşəkar hədəfləriniz nələrdir?

– Bu nailiyyəti yalnız öz adıma aid etmirəm. Qeyd etdiyim kimi, bu, bütövlükdə səhiyyəmizin uğurudur.  Mən ümumi cərrah kimi 2005-ci ildən fəaliyyət göstərsəm də, məhz bu sahə ilə 2012-ci ildən etibarən peşəkar şəkildə məşğul olmağa başlamışam. Hələ gənc yaşlarımdan bu istiqamətə xüsusi marağım olub. Bunun əsas səbəbi bir çox əməliyyatların istənilən nəticəni vermədiyini müşahidə etməyim idi. Peşə fəaliyyətim boyunca hər hansı üsulun və ya əməliyyatın nəticələrinin qənaətbəxş olmadığını gördükdə daim onun təkmilləşdirilməsi barədə düşünmüşəm. Çünki əsas məqsədimiz pasiyentlər üçün daha effektiv, daha təhlükəsiz və daha davamlı nəticələr əldə etməkdir. Məhz bu yanaşma məni illərdir bu sahədə araşdırmalar aparmağa, yeni həll yolları üzərində işləməyə sövq edib. Gələcəkdə də fəaliyyətimizi genişləndirməyə, yeni ideyalar reallaşdırmağa və Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzuna töhfə verəcək uğurlara imza atmağa çalışacağıq.

Ləman İmran
Globalinfo.az

Paylaş: