Azərbaycanın qara siyahısındakı şəxsi Bakıda nə gözləyir?

“Blinkenin Əliyevdən Obrayenin Bakıya səfərinə icazə verilməsi xahişi ABŞ-ın Orta dəhliz üzərində yeni planı ilə bağlıdır. Buna nail olmaq üçün həm Azərbaycanla Türkiyənin dəstəyini almalı, həm də Azərbaycan-Ermənistan sülh sazişinin Qərb platformasında imzalanmasını təmin etməlidir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycan səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Obrayen Bakıda buna nail olmağa çalışacaq:

“Fikrimcə, Obrayen Azərbaycana qarşı qərəzli fikirlərinə baxmayaraq, Bakıda normal qarşılanacaq, çünki onun səfərinə icazə verilməsi xahişi Blinken tərəfindən edilib və Prezident İlham Əliyev bunu qəbul edib. Eyni zamanda, Azərbaycan ABŞ-la gərginlikdə maraqlı deyil. Obrayenin səfərinə o şərtlə icazə verildi ki, Azərbaycan rəsmilərinin ABŞ-a səfərinə qoyulan süni məhdudiyyət götürüləcək”.

Asif Nərimanlı

Siyasi şərhçi deyib ki, Obrayenin təkliflərinin qəbul edilməsi sual altındadır və bu, proseslərin inkişafına yön verə bilər:

“Çünki Azərbaycan Orta dəhlizin əsas birləşdirici ölkəsidir və bu layihə ilə bağlı üzərinə düşən işləri həyata keçirir. Digər tərəfdən, sülh danışıqlarının Qərb platformasında aparılması bizim tələblərimizi təhlükə altına atır. ABŞ-ın sülh danışıqları və Orta dəhliz üzərindəki layihəsi eyni planın tərkib hissəsidir. Fikrimcə, bunun Bakıda qəbul edilməsi çətin görünür. Bu halda, ABŞ-Azərbaycan münasibətlərində normallaşma dayana, eyni zamanda, Bakıya qarşı Qərb cəbhəsindən edilən təzyiqlər güclənə bilər”.

Turan Rzayev
Globalinfo.az