44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədən sonra Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, eləcə də müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məsələsi də diqqətdə saxlanılır. Azərbaycanın bu istiqamətdə apardığı fəaliyyət həm tarixi həqiqətlərin dünyaya təqdim edilməsi, həm də müharibə zamanı baş vermiş hadisələrə hüquqi-siyasi qiymət verilməsi baxımından əhəmiyyət daşıyır.
Globalinfo.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, burada iki məsələ var:
“Birincisi, biz heç vaxt Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri, soyqırımları, şəhərlərimizin yerlə-yeksan edilməsini yaddan çıxarmayacağıq. Bu, birmənalıdır və bunu heç kim inkar edə bilməz. Biz bu istiqamətdə işləyəcəyik, bu istiqamətdə öz siyasətimizi davam etdirəcəyik. Ancaq bununla yanaşı, sülh siyasətimiz də ən yüksək səviyyədə özünü göstərir. Cənab Prezidentin yaratdığı yeni reallıq artıq dünya üçün nümunədir. Dünya bu regiondan dərs alır. Özünüz görürsünüz ki, regionumuzun ətrafında müharibələr, qarşıdurmalar gedir. Sülh məkanına çevrilmiş bizim region isə bu gün onlar üçün bir nümunədir. Ona görə hər iki məsələ bizim üçün vacibdir”.
Səməd Seyidov
S.Seyidov Azərbaycana qarşı törədilən cinayətlərin yaddan çıxmayacağını vurğulayıb:
“Birincisi, sülh düsturunu dünyaya çatdırmaq, beynəlxalq qanunlara riayət etmək və heç vaxt Azərbaycana qarşı törədilmiş cinayətləri yaddan çıxarmamaqdır. Eyni zamanda, Bakıda keçirilmiş Ədalət Məhkəməsinin nəticələrini dünyaya çatdıraraq beynəlxalq ictimaiyyəti də ayıq saxlamaq lazımdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, 44 günlük Vətən müharibəsinin nəticələrinin beynəlxalq aləmdə təqdim olunması məsələsinə həm tarixi, həm də hüquqi-siyasi müstəvidə yanaşmaq olar:
“Azərbaycanın öz mövqeyini və 2020-ci il Vətən müharibəsinin nəticələrinə dair baxışını beynəlxalq ictimaiyyətə çatdırması bir neçə istiqamətdə əhəmiyyətlidir. Birincisi, tarixi mövqenin sənədləşdirilməsi. Müharibənin gedişi, nəticələri, ərazilərin vəziyyəti və münaqişənin əvvəlki mərhələləri ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya ardıcıl şəkildə təqdim edilməsi gələcək tarixşünaslıq və diplomatik müzakirələr üçün sanballı material yaradır.
İkincisi, beynəlxalq hüquqi müstəvidə arqumentlərin təqdim edilməsidir. Mülki əhalinin hədəfə alınması, yaşayış məntəqələrinin dağıdılması, hərbi əsirlər və digər məsələlər üzrə sübutların toplanması və müstəqil araşdırmalara təqdim edilməsi hüquqi qiymətləndirmə üçün əhəmiyyət daşıyır. Xatırlayırsınızsa, Human Rights Watch 2020-ci ilin dekabrında Ermənistan qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə bir sıra qeyri-dəqiq raket və artilleriya zərbələrini sənədləşdirərək onların müstəqil araşdırılmasına çağırmışdı”.
Deputat xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılması və bir sıra ərazilərin Azərbaycana qaytarılması ilə nəticələndi:
“Bildiyiniz kimi, ATƏT də həmin razılaşmanın icrasına çağırış edib. Azərbaycanın lideri cənab İlham Əliyevin bütün xarici səfərləri çərçivəsində, beynəlxalq tədbirlərdə, ölkəmizdə keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyi inamla səsləndirilir və müdafiə olunur, regionda yaranmış yeni reallıqlar tutarlı arqumentlərlə təqdim olunur, ölkəmizə gələn xarici dövlətlərin rəhbər şəxslərinin Qarabağa və Şərqi Zəngəzura səfərləri, Şuşada, Xankəndidə və bölgənin azad edilmiş digər məntəqələrində beynəlxalq siyasi və mədəni tədbirlərin, idman yarışlarının təşkil edilməsi xarici qonaqların yeni reallıqları və tərəqqini öz gözləri il görməsi üçün şərait yaradır ki, bu da beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini bərpası istiqamətində həyata keçirdiyi siyasi kursun doğru olduğu təəssüratının formalaşması üçün mühüm faktordur”.
Əli Hüseynli
Ə.Hüseynli bildirib ki, məsələnin yalnız siyasi deyil, hüquqi müstəvidə də müzakirəsi önəmlidir:
“Azərbaycanın Ermənistana qarşı müxtəlif iddiaları beynəlxalq hüquqi proseslərdə də araşdırılıb. Məsələn, Beynəlxalq Ədalət Məhkəməsində bununla bağlı işlərə baxılıb. Burada gözlənilən nəticələri konkret hüquqi qərar kimi deyil, beynəlxalq hüquq baxımından mümkün nəticələr kimi ifadə etmək daha düzgündür. Faktların beynəlxalq səviyyədə sənədləşdirilməsi, müstəqil araşdırmalar və hüquqi qiymətləndirmə, mülki əhalinin hüquqlarının müdafiəsi və gələcəkdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətlərin təkrarlanmasının qarşısının alınması, habelə sübutların uzunmüddətli hüquqi və tarixi dəyər qazanması baxımından Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi işlər böyük siyasi əhəmiyyət kəsb edir”.
Millət vəkili əlavə edib ki, beynəlxalq ictimaiyyətin məlumatlandırılması avtomatik olaraq konkret siyasi və ya hüquqi nəticənin əldə olunması demək deyil:
“Bunun üçün sübutların beynəlxalq standartlara uyğunluğu, müstəqil araşdırmalar, aidiyyəti dövlətlərin əməkdaşlığı və məhkəmə və digər beynəlxalq mexanizmlərin yurisdiksiyası mühüm rol oynayır. Məhz buna görə də Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə təqdim edilməsinin ən mühüm istiqamətlərindən biri emosional ritorikadan daha çox sənədləşdirilmiş faktlara, yoxlanıla bilən sübutlara və beynəlxalq hüquq normalarına söykənməkdir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
Zaira Akifqızı
Globalinfo.az