baki isti

May ayında havaların kəskin istiləşəcəyi gözlənilir. Bildirilir ki, bəzi ərazilərdə temperatur iqlim normasından bir qədər yüksək olacaq. Sərin havalardan qəfil isti havaya keçid isə insan sağlamlığı üçün riskli hesab olunur.

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, kəskin istiləşmə fonunda, xüsusilə xroniki xəstəliyi olan şəxslər daha diqqətli olmalıdır:

“İlk növbədə ürək-damar xəstəliklərindən əziyyət çəkənlər risk qrupuna daxildir, çünki temperaturun sürətli artması damarların genişlənməsinə və təzyiq dalğalanmalarına səbəb olur. Hipertoniya xəstələrində arterial təzyiq ya kəskin yüksələ, ya da enə bilər. Ürək çatışmazlığı olan şəxslərdə halsızlıq və nəfəs darlığı arta bilər. İsti hava həmçinin aritmiyaların yaranma riskini yüksəldir. Şəkərli diabeti olanlar da diqqətli olmalıdır. Belə ki, susuzlaşma qanda şəkərin səviyyəsinə təsir edir. Maye itkisi insulin və digər dərmanların təsir mexanizmini dəyişə bilər. Böyrək xəstəlikləri olan şəxslərdə susuzlaşma vəziyyəti ağırlaşdıra bilər”.

aygun sayilova

Aygün Sayılova

Terapevt bildirib ki, əsasən yaşlı insanlar temperatur dəyişikliklərinə daha həssas olur:

“Onların orqanizmi istiliyi tənzimləməkdə çətinlik çəkir. Tənəffüs sistemi xəstəlikləri, o cümlədən astma və xroniki bronxit olanlarda isti hava nəfəs almağı çətinləşdirir. Allergiyası olan şəxslərdə də bu dövrdə simptomların artması mümkündür. Günvurma xüsusilə açıq havada çalışanlar üçün yüksəkdir. Hamilə qadınlar da temperatur dəyişikliklərinə qarşı həssas qrup sayılır. Uşaqların orqanizmi də istiliyə uyğunlaşmaqda çətinlik çəkir. Bu səbəbdən günün ən isti saatlarında açıq havada uzun müddət qalmaq tövsiyə olunmur. Bol maye qəbul etmək vacibdir. Yüngül və açıq rəngli geyimlər seçilməlidir. Fiziki yüklənmə məhdudlaşdırılmalıdır. Hər hansı narahatlıq yarandıqda isə həkimə müraciət etmək vacibdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: