Azərbaycanda telefonlara göndərilən bu mesaj narazılıq yaratdı – AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasından (MSK) insanlara ardıcıl olaraq seçki ilə bağlı göndərilən mesajlar sosial şəbəkə və ictimaiyyətdə müzakirələrə səbəb olub. Abonentlərə gün ərzində eyni mesajın bir neçə dəfə göndərildiyi bildirilir. Hər gün bir neçə dəfə eyni mətnli mesajı görmək insanlarda mənfi emosiya yaradır.

Maraqlıdır, bunun üçün mobil operatorlara nə qədər vəsait sərf olunur? Ümumiyyətlə, bu qədər mesajın göndərilməsinə səbəb nədir?

Şahin Əsədli

Mövzunu Globalinfo.az-a şərh edən MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib ki, mesajın ardıcıl göndərilməsi seçici maarifləndirmə layihəsidir.

“Bu, MSK və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə layihəsidir. Həmin layihə də mobil operatorlar vasitəsilə həyata keçirilir. Onların texniki imkanları çərçivəsində seçicilər üçün əlavə məlumatlandırma mesajıdır”, Ş.Əsədli bildirib.

Şahin Əsədli göndərilən mesajlar üçün dövlət tərəfindən vəsaitin ayrılmadığını qeyd edib:
“Bu, sosial bir layihə olduğuna görə, heç bir maliyyə təminatı yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az