Azərbaycanda rəsmi qeydiyyatda olan İİV-lə (İnsan İmmunçatışmazlığı Virusu) yaşayan vətəndaşların sayı 12 435 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu statistika İİV infeksiyasının ilk dəfə aşkar edildiyi 1987-ci ildən 2026-cı ilin avqust ayınadək olan dövrü əhatə edir. Ölkəmizdə İİV-lə bağlı vəziyyət aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-ə görə xəstələnmə göstəricisi ən aşağı olan ölkələr sırasındadır.
Qeyd edilib ki, rəsmi qeydiyyatda olan şəxslərin 19,1 faizi isə QİÇS mərhələsindədir.
“İİV infeksiyasının erkən aşkarlanması və müasir müalicə imkanlarından vaxtında istifadə olunması xəstəliyin QİÇS mərhələsinə keçməsinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycanda İİV-lə yaşayan şəxslərin müalicəsi və tibbi müşahidəsi aidiyyəti səhiyyə müəssisələri tərəfindən həyata keçirilir”, – məlumatda vurğulanıb.