Azərbaycanda həyəcanla gözlənilən qərar – Yasin “oxunacaqmı”?

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı təqsirləndirilən şəxsin – terrorçu Yasin Hüseynzadənin hökmü yaxın günlərdə elan ediləcək. Bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə müavini – İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi danışıb.

Maraqlıdır, hökmlə bağlı Bakıda gözləntilər necədir? Bir çoxları həmin terrorçunun İran qanunlarına əsasən edam edilməsi gərəkdiyini düşünür. Bəs Azərbaycan hökmdən qane olmasa, nə baş verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, terrorçu Yasin Hüseynzadənin məhkəməsi bir neçə gün əvvəl Tehranda keçirilib, lakin hökmün çıxarılması qeyri-müəyyən müddətə saxlanılıb:

“İranın məhkəmə sistemindəki qanunlara görə, hökm məhkəmədən bir müddət sonra verilə bilər. Məhkəmə zamanı səfirliyimizin yüksək ranqlı əməkdaşlarının orada olması, həm də ittiham aktının elan edilməsi onu göstərir ki, terrorçu Yasin Hüseynzadə cəzalandırılacaq”.

Əlimusa İbrahimov

Politoloq cinayətkarın layiqli cəza almayacağını düşünür:

“Belə ki, həm cinayətin hazırlanması və həyata keçirilməsində, həm də istintaqın aparılmasının arxasında İrandakı çox ciddi qüvvələrin dayanması barədə Azərbaycanın ciddi şübhələri var. Rəsmi Tehran isə bu şübhələrin aradan qaldırılması istiqamətində Azərbaycanla əməkdaşlıqdan boyun qaçırır və diplomatik korpusun nümayəndələrinin təhlükəsizliyinə zəmanət vermir.

Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə

İran bir tərəfdən Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməyə cəhd göstərir, digər tərəfdən normal, beynəlxalq konvensiyaların tələblərinə uyğun fəaliyyətini təşkil etməkdən boyun qaçırır. Belə olan halda təbii ki, Azərbaycan diplomatik korpusun fəaliyyətini bərpa etməyəcək, üstəlik İranın Bakıdakı səfirliyinin də işi müəyyən qədər məhdudlaşdırılacaq. Hər halda terrorçu ilə bağlı çıxarılacaq hökmdən sonra mənzərə müəyyən qədər aydınlaşacaq”.

Safura Bənnnayeva
Globalinfo.az