foto 1

Son illər kişilərə qarşı məişət zorakılığı ilə bağlı müraciətlər diqqət çəkməyə davam edir. Bu ilin ilk altı ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu mövzuda 292 müraciət daxil olub. Müraciət edənlərdən 47-si kişi olub ki, bu da onlara qarşı zorakılıq hallarının artdığını göstərir.

Buna səbəb nədir? Cəmiyyətdə kişilərə qarşı zorakılığın qarşısnı necə almaq olar?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, zorakılıq insan xislətindən qaynaqlanan davranışdır:

“İstər qadın, istərsə də kişi zorakılıq edə bilər. Bunun isə müxtəlif səbəbləri var və hər hadisəyə ayrıca yanaşmaq lazımdır. Bəzən insan qarşı tərəfin zorakılığına məruz qalır və buna zorakılıqla cavab verir. Yəni zorakılığa qarşı zorakılıq reaksiyası göstərir. Məhz buna görə qadınların kişilərə qarşı zorakılıq hallarının səbəbləri çox dəqiq araşdırılmalıdır. Ola bilər ki, qadın əvvəlcə kişinin zorakılığına məruz qalıb və nəticədə çıxış yolu kimi özü də bu yola əl atıb. Belə hallarda onu qınamazdan əvvəl hadisənin kökünə baxmaq lazımdır. Çünki bəzən ilk zorakılığı törədən elə kişinin özü olur. Digər tərəfdən, elə hallar da var ki, kişi zorakılıq etməyib, qadının özü xarakteri, xisləti və aldığı tərbiyə səbəbindən aqressiv davranır. Bu isə təkcə qadınlara yox, kişilərə də aiddir. İnsan uşaqlıqdan zorakılığın yolverilməz olduğunu öyrənməlidir. Məntiqin, ağlın və mənəviyyatın olduğu yerdə zorakılığa yer olmamalıdır”.

mail yaqub

Mail Yaqub

Sosioloq bildirib ki, digər mühüm məsələ isə sosial şəbəkələrdə yayılan dəhşətli görüntülərdir:

“Bu görüntülər cəmiyyətdə aqressiyanı artırır, sanki insanları, o cümlədən qadınları da zorakılığa təşviq edir. İnsan davamlı olaraq zorakılıq gördükdə səbr həddi tükənə bilir. Səbrini itirən insan isə daha asan zorakılığa əl atır. Bu, xüsusilə diqqət yetirilməsi vacib olan məqamlardandır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: