Azərbaycanda kənd toyuğunun qiymətində artım qeydə alınıb.
Globalinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna tələbat yüksəlib. Tələbin artması isə məhsulun qiymətinə təsir göstərib.
Məlumata görə, həm Bakıda, həm də bölgələrdə kənd toyuğunun qiymətində təxminən 2-5 manatlıq bahalaşma müşahidə olunur. Bir sıra rayonlarda əvvəllər 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif edilir.
İsmayıllıda satışla məşğul olan şəxslər bildiriblər ki, əsas qiymət artımı son bir ay ərzində baş verib. Onların sözlərinə görə, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna maraq və tələbat əhəmiyyətli dərəcədə artıb.
Tovuzda da oxşar mənzərə müşahidə olunur. Burada kənd toyuqlarının qiyməti quşun çəkisi və ölçüsünə görə dəyişir. Satıcılar son bir ayda əsasən 1-2 manatlıq bahalaşmanın olduğunu deyirlər. Bununla yanaşı, bəzi kiçik toyuqların qiyməti 5-6 manatdan 12-13 manata qədər yüksəlib.
Bölgələr üzrə qiymətlər isə eyni deyil. Şirvan bazarında kənd toyuqları digər rayonlarla müqayisədə daha ucuz satılır. Satıcılar bunu məhsulu vasitəçilərdən deyil, birbaşa kənd sakinlərindən aldıqları ilə əlaqələndirirlər.
Bakıda da kənd toyuğunun qiymətinin artdığı bildirilir. Bakının bazarlarında quşun ölçüsü və çəkisindən asılı olaraq qiymətlər 8-12 manat və daha yüksək məbləğ təşkil edir. Alıcılar əvvəllər 5-6 manata aldıqları kənd toyuğunun indi daha baha satıldığını qeyd edirlər.
Paytaxta qiymət artımı ilə yanaşı, satışa çıxarılan kənd toyuqlarının sayında da azalma var. Satıcıların sözlərinə görə, hazırda bazarda tələbat yüksək, təklif isə aşağıdır. Əvvəllər gün ərzində bazarlara təxminən 1 000 kənd toyuğu gətirilirdisə, indi bu göstərici 400-ə qədər azalıb.
Xatırladaq ki, ötən həftə münasib qiymətli ət məhsullarından biri hesab olunan toyuq filesinin də qiymətində artım qeydə alınıb.
