evlilik toy nikah 11

Türkiyədə ilk evlilikdə orta yaş həddi kişilər üçün 28,5, qadınlar üçün isə 26-ya yüksəlib. Həmçinin Türkiyədə 20-24 yaş arası heç vaxt evlənməmiş qadınların nisbəti 79%, kişilərdə isə 94% təşkil edir. Türkiyəli siyasətçi Mustafa Destici gənclərin daha erkən yaşda ailə qurması və övlad sahibi olması üçün çağırış edib.

Azərbaycanda vəziyyət necədir? İlk evlilik üçün yaş həddi neçədir?

Globalinfo.az-a danışan sosioloq Rəşad Əsgərov deyib ki, son vaxtlar dünyada evlilik yaşında artım müşahidə olunur:

“Avropada bu, illər üzrə dəyişir. Şərq ölkələrində – Koreya, Yaponiya və s. orada bu göstərici Türkiyədəkindən yüksəkdir. Azərbaycanda isə evlilik yaşı həm qadınlar, həm də kişilər üzrə müxtəlif bölgələrdə, regionlarda və yaxud şəhərlərdə yaşamasından asılı olaraq dəyişir”.

Rəşad Əsgərovun sözlərinə görə, adətən regionlarda qadınlar arasındakı evlilik yaşı müəyyən qədər aşağı olur:

“Kişilər arasında isə bu göstərici əsasən 27-28 yaşdan yuxarı, bəzən daha yüksək yaş həddində özünü göstərir. Xüsusilə Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə kişilər arasında evlilik yaşı bəzən 30 və daha yuxarı olur. Qadınlar arasında yaş göstəricisi isə ümumilikdə Türkiyə ilə müəyyən qədər yaxınlıq təşkil edir. Bu da ölkələrimizin həm dini, həm də dil baxımından yaxın olması ilə əlaqələndirilə bilər”.

Sosioloqun fikrincə, Azərbaycanda evlilik yaşının artmasının bir çox səbəbləri var:

“Ən başlıca səbəb sosial problemlərlə bağlıdır. Çünki yeni nikaha girən cütlüklər əsasən mənzil təminatına üstünlük verirlər. Onlar daha çox ayrı evlərdə, sərbəst yaşamağı üstün bilirlər. Bu gün hər bir ailənin övladlarını mənzillə təmin etmək imkanı olmadığına görə yaş həddi müəyyən qədər artır.

İkinci səbəb iş yerləri və gəlirlə bağlı məsələlərdir. Evlənməyə hazırlaşan cütlüklər daha yaxşı maddi təminata sahib olmağa çalışır. Bu isə onların evlilik yaşının uzanmasına gətirib çıxarır. Yəni əvvəlki sovet dövründə formalaşmış “əvvəl evlənək, sonra təhsil alaq” prinsipi artıq “əvvəl təhsil alaq, karyera quraq, sonra ailə quraq” prinsipi ilə əvəz olunub. Bu da yaş həddinin artmasına səbəb olur.

Üçüncü səbəb isə gənclərin karyera üçün müxtəlif ölkələrə üz tutmasıdır. Təhsil və iş məqsədilə xaricə gedən gənclər ölkəyə qayıtdıqda daha yüksək yaşda olurlar ki, bu da nikah yaşına təsir edən amillərdən biridir”.

R.Əsgərov bildirib ki, Azərbaycan cəmiyyətində nikah yaşına təsir göstərən əsas amillərdən biri də maddi vəziyyətdir:

“Maddi imkanların orta və ya aşağı səviyyədə olması, xüsusilə mənzil problemi bu məsələdə ciddi rol oynayır. Regionlarda bu problem o qədər də qabarıq hiss olunmur. Belə ki, gənc cütlüklər daha çox valideynlərlə birlikdə yaşamağa üstünlük verirlər. Lakin şəhər tipli ərazilərdə gənclər müstəqil yaşamağa üstünlük verdikləri üçün evlilik yaşı müəyyən qədər gecikir və yaş həddində artım müşahidə olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: