Azərbaycanda ağır qəza: ölənlərin adı açıqlandı – YENİLƏNİB

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, xəsarət alan 8 nəfər (5-i kişi, 3-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan bir nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir.

***16:58

Ağstafada yol qəzasında ölənlərin və yaralanan şəxslərin adları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Globalinfo.az-a verdiyi xəbərə görə, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində “VAZ 2107” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

İlkin araşdırmalar zamanı məlum ki, “VAZ 2107” markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Bundan başqa “Toyota” markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

***14:45

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək.