Böyük güclərin – ABŞ və Rusiyanın Zəngəzurda müharibədə, eskalasiyada maraqlı olduqları istiqamətində fikirlər səsləndirilir. İddianın izahı belədir ki, Rusiya Bakını bu macəraya yönləndirib, Zəngəzura nəzarəti Azərbaycan vasitəsilə ələ keçirməyə çalışır. Qərbin (ABŞ) isə məqsədi bu toqquşmaya nail olub, Azərbaycanı cəzalandırsın, bölgəyə sülhməramlı kontingent cəlb etsin, prosesdə sülh yaradıcı missiya kimi çıxış edib və hər şeyi nəzarətə götürsün. Rəsmi Bakının, Prezident İlham Əliyevin təmkinli davranışı, ağıllı gedişləri ölkəni bu cür geopolitik tələlərdən yayındıra bilir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci ilin noyabr ayında imzalanmış üç tərəfli sazişin 10-cu maddəsində öz əksini tapıb:
“Ermənistan Baş naziri Nikol Paşinyanın da imzası olan bu bəyannamədə qeyd edilən digər şərtlərlə paralel həmin öhdəlik də qeyd-şərtsiz yerinə yetirilməlidir. Bu istiqamətdə danışıqlar gedir, məsələnin diplomatik yolla həllinə çalışırlar. Lakin yolun açılmasına əsas maneə xarici aktorlardır. İranın Ali Rəhbəri Əli Xamenei bir neçə gün əvvəl verdiyi açıqlamada Zəngəzur dəhlizinin açılmasının Ermənistanın ziyanına olduğunu və özlərinin qırmızı xətti hesab etdiklərini bildirmişdi. Rəsmi İrəvan da bu yolun açılacağı təqdirdə nəzarətin Rusiya tərəfindən aparılmasının düzgün hesab etmədiklərini qeyd etmişdi. Paşinyan təhlükəsizlik orqanları daxilində yola nəzarətlə bağlı bir idarə yaratdı. Lakin bununla belə, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir addım atmadığı üçün Azərbaycan İran ərazisindən Naxçıvana yeni yolun çəkilişinə başladı. Hesab edirəm ki, Zəngəzur dəhlizi də açılacaq”.
Elşad Həsənov
Politoloq xatırladır ki, Azərbaycan Zəngəzur dəhlizinə alternativ yolun açılacağını dediyi zaman ABŞ və Aİ rəsmi Bakını bu addımına görə qınadı:
“Zəngəzur dəhlizinin açılmasının zəruri olduğunu vurğuladılar. Bu yolun açılmasında Çin, Hindistan, Rusiya, Türkiyə və Azərbaycan maraqlıdır. Ermənistan üçün də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Lakin rəsmi İrəvan öz qərarları ilə idarə olunmayan ölkədir deyə müsbət addımlar atmır. Azərbaycan Prezidentinin apardığı müdrik siyasət nəticəsində verdiyi qərarı həyata keçirməyə başladı. Dövlətin, xalqın maraqlarını ifadə edən siyasət yürüdür. 2028-ci ildə Zəngəzur dəhlizinin açılması mümkündür. Bununla da iki ölkə arasında münasibətlər normallaşacaq”.
Elşad Həsənov vurğulayıb ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen açıqlamasında Orta Asiyanın çox varlı yeraltı- yerüstü sərvətlərinin olduğunu bildirib:
“Bunların dünya bazarına çıxışını təmin etmək üçün Azərbaycan və Ermənistan ərazisindən keçməklə, Rusiya və Çindən yan keçməklə yolun çəkilməsi çox vacibdir. Sözügedən yol isə Zəngəzur dəhlizidir. Görünür, ABŞ da bu yolun açılmasında maraqlıdır”.
Safura Bənnayeva