Azərbaycan Xankəndini müharibə yolu ilə qaytarmağa çalışsa… – Vardanyan

Ermənistanda artıq üç gündür Gələcək Ermənilər Assambleyası adlı konfrans keçirilir.

Globalinfo.az xəbər verir ki, yeni birlik diaspora ilə Ermənistandakı ermənilər arasında əlaqəni nəzərdə tutur. Bununla belə assambleyanın əsas müzakirə mövzusu diasporanın Ermənistanda qərar qəbul etmə sistemindəki rolunun artırılmasıdır. Assambleyanın təşkilatçıları Paşinyanın məhz bu rolu 2020-ci ildən sonra onların əlindən aldığını və bunun bərpa edilməsi gərəkdiyini düşünürlər.

Maraqlı məqam isə assambleyanın təşkilatçıları sırasında 4 məşhur erməni iş adamının yer almasıdır. Bunlar amerikalı milyarder Nuber Afeyan, Rusiyadan Ruben Vardanyan, Fransadan Riçar Azarniya və Ermənistandan Artur Alaverdyandır.

Assambleyanın hazırladığı əsasnamədə İrəvanın müttəfiqləri ilə münasibətləri yenidən nəzərdən keçirməsi və Rusiya ilə əlaqələrə önəm verməsi gərəkdiyi qeyd olunur. Bu isə öz növbəsində təşkilatın Moskva tərəfindən dəstəklənməsi ehtimalını artırır. Təşkilatçıların bir qisminin Moskva ilə yaxın əlaqələrə sahib olması da yeni birliyin Kreml tərəfindən Ermənistan hakimiyyətini devirmək üçün istifadə ediləcəyi təxminlərini gündəmə gətirir.

Burada Vardanyanın yenidən aktivləşməsi də proseslərin Moskva tərəfindən dəstəkləndiyini deməyə əsas yaradır. Belə ki, birliyin iclasının üçüncü günündə çıxış edən rusiyalı iş adamı Azərbaycanı birbaşa təhdid edən bəyanat səsləndirib. O, həmçinin Qarabağın Bakıya inteqrasiyası prosesinə mane olacağının da anonsunu verib:

“Mübarizə aparmalıyıq, başqa yolu yoxdur. Bu bizim seçdiyimiz yoldur və indi biz mübarizə aparmalıyıq. Azərbaycan Qarabağı silah yolu ilə tərkibinə qatmağa cəhd etsə, çox böyük bədəl ödəyəcək”.

Qeyd edək ki, son zamanlar Qarabağda rusiyayönlü qüvvələrin aktivliyi artmağa başlayıb. Belə ki, son iki həftə ikinci dəfə Rusiya sülhməramlılarının köməyi ilə Ermənistandan Qarabağa silah daşınması görüntüləri mediada yayılıb. Digər tərəfdən isə Xankəndidəki bir sıra qruplar Araik Arutyunyanı Bakı ilə danışıqlara başlamamaqla bağlı açıq təhdid ediblər. Bunun qarşılığında isə Azərbaycan sülhməramlılara silah daşınması ilə xəbərdarlıq edib və buna çox səbir nümayiş etdirməyəcəyini bildirib.

İlkin Həsənov
Globalinfo.az