Prezident İlham Əliyev ötən həftə üç ölkədə mühüm tədbirlərdə və yüksək səviyyəli görüşlərdə iştirak etdi. Dövlət başçısı əvvəlcə Münxen Təhlükəsizlik Konfransına qatıldı, ardınca Serbiyaya səfər etdi və burada rəsmi görüşlər keçirdi, daha sonra isə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təsis edilmiş Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında iştirak etdi.
Bu səfərlər Azərbaycanın beynəlxalq səhnədə öz mövqeyini gücləndirməsi, regional və qlobal təhlükəsizlik məsələlərində dialoqa aktiv qatılması baxımından yüksək qiymətləndirilir. Prezident İlham Əliyev ölkəyə həm siyasi, həm də iqtisadi dividentlərlə qayıdaraq, Azərbaycanın xarici siyasətində daha balanslı və təsirli mövqeyini möhkəmləndirdi.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı, Serbiya və Vaşinqtona səfərləri xarici siyasətin məhsuldar bir dönəmdən keçdiyini göstərir:
“Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu toplantılarından biridir. Burada dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların nümayəndələri dünyanın cari və gələcək təhlükəsizlik təhdidləri ilə bağlı fikir mübadiləsi aparır. Azərbaycanın artan nüfuzu bu tip tədbirlərdə həm ölkəmizi, həm də Prezident İlham Əliyevin iştirakını xüsusi diqqət mərkəzində saxlayır. Bu il də Prezidentin çıxışları diqqət çəkdi və ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə gücləndirilməsinə xidmət etdi.

Oqtay Qasımov
Serbiyaya rəsmi səfər isə iki ölkə arasında münasibətlərin inkişafını nümayiş etdirir. Qarşılıqlı səfərlərin intensivliyi, əldə olunan razılaşmalar, investisiyalar və enerji layihələri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirildiyini göstərir. Azərbaycandan Serbiyaya qaz tədarükü həyata keçirilir və Bakı müxtəlif investisiya layihələrini bu ölkədə reallaşdırıb. Gələcəkdə istilik enerjisi sahəsində yeni layihələr planlaşdırılır. İki ölkə arasında enerji təhlükəsizliyi, logistika və investisiya sahələrində əməkdaşlıq davam etdirilir. Serbiya Avropanın mərkəzində yerləşir və həm Balkanlar, həm də slavyan ölkələri üçün strateji əhəmiyyətə malikdir”.
Politoloq bildirib ki, Prezidentin Vaşinqtonda Trampın təşəbbüsü ilə təsis edilmiş Sülh Şurasına iştirakı da böyük diplomatik əhəmiyyət kəsb edir:
“Avqust ayında əldə edilən razılıqlara əsasən, ABŞ ilə münasibətlər yeni səviyyəyə qalxıb. ABŞ-ın vitse-prezidentinin ölkəmizə səfəri strateji sazişlərin imzalanması və ikitərəfli münasibətlərin inkişafını göstərir. Prezidentin Şuranın iclasında iştirakı zamanı ABŞ rəhbərliyinin səsləndirdiyi açıqlamalar Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə tanınmasına və dəstəklənməsinə təsir göstərdi.
Hesab edirəm ki, fevral ayı Azərbaycan xarici siyasəti və diplomatiyası üçün çox məhsuldar oldu”.
Turan Rzayev
Globalinfo.az