Azərbaycan tarixində belə hal yaşanmayıb! – Rusiya liderinə…

BAKI 1

Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar.

N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılmasını, biznesin məhdudlaşdırılmasını, bu ölkədə qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülüb cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir.

Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır: “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsini təklif edir. Qeyd edim ki, “Sadovod” ticarət kompleksi Prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.

Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propaqandaçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar.

Prinsipcə Azərbaycanın Rusiya ilə problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya keçməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir. Çünki Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yəni Azərbaycan heç kimdən asılı deyil.

Rəsmi Bakı hamı ilə əməkdaşlığa hazırdır. Rusiya bunu unutmamalıdır. Kremlin unutmamalı olduğu bir məqam da heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı xoşagəlməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmağa davam edib, hətta “İsgəndər”, “Pantsir”, “Pole 3M” və digər sistemləri bu ölkəyə verib.

Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğınını törətmək, Xocalı soyqırımını gerçəkləşdirmək mümkün olsun.

Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə (2022) yenidən baxa bilər. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası, Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur.

turan rzayev

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı