Azərbaycan beynəlxalq aləmdə önəmli mövqeyə çıxıb. Bunu son illər daha çox müşahidə edirik. Ölkəmiz qlobal proseslərdə rol alır. Maraqlıdır ki, ölkəmizin xarici siyasət kursu bir vektorlu deyil. Qərbin enerji və siyasi dairələri ilə yaxından əməkdaşlıq etdiyimiz kimi, şərq ölkələri ilə də geniş əlaqələrə malik vəziyyətə gəlmişik. Rusiya ilə isə münasibətlərimizdə ən məhsuldar dövrü yaşayırıq. Azərbaycan hazırda bütün dünyada ən az siyasi-diplomatik problemi olan ölkələr siyahısındadır.
Qərb, Rusiya, İsrail, hətta Çin üçün qiymətli və vazkeçilməz bir müttəfiqə çevrilmişik. Bunlar boşuna və birdən-birə yaranmayıb. Prosesin bu nəticəyə gəlib çatmasında illərin əziyyəti, sistemli fəaliyyəti dayanır. Prezident İlham Əliyev Azərbaycanı olduqca əlverişli strateji mövqeyə daşıyıb.
Hazırda ölkəmiz Avropa üçün alternativ və etibarlı enerji tərəfdaşına çevrilib, ABŞ üçün olduqca vacib bir partnyordur. Bundan başqa, NATO Azərbaycana yaxın perspektivdə önəmli tərəfdaş kimi baxır.
İsrailə görə Azərbaycan bölgədə onun üçün təhlükəsizlik qurşağıdır. Şimal qonşumuz Rusiya isə Azərbaycan üzərindən Türk dünyası ilə yaxınlaşır, özünə ciddi tərəfdarlar qazanır. Rusiya Cənub-Şərqi Asiya regionuna iqtisadi, geopolitik çıxışını da məhz bizim üzərimizdən əldə edir. Buna görə də Kreml Zəngəzur dəhlizinin tezliklə işə düşməsində maraqlıdır.
Türkiyə ilə münasibətlər dost-qardaş və etibarlı hərbi-siyasi, eləcə də iqtisadi müttəfiqlik üzərində qurulub. Paralel olaraq Orta Asiyanın türkdilli ölkələri ilə də ayrılıqda və kollektiv platformalarda sıx əməkdaşlıq edirik.
Qısası, bu gün Azərbaycan yaxın-uzaq qonşular, həmçinin fərqli qitələrdəki güclü ölkələr üçün vazkeçilməz, əlverişli müttəfiq, tərəfdaşdır.
Mövzunu Globalinfo.az-a şərh edən siyasi ekspert Elçin Mirzəbəyli burada səbəblərin çox olduğunu qeyd edib.
Elçin Mirzəbəyli
O bildirib ki, bunlar ölkənin coğrafi mövqeyi ilə bağlıdır:
“Coğrafi mövqeyin geostrateji faktora çevrilməsi şübhəsiz ki, Azərbaycan dövlətinin bu günə kimi həyata keçirdiyi siyasət nəticəsində baş verib. Ölkə ərazisinin həm nəqliyyat dəhlizlərinin, həm də mahiyyət etibarilə enerji dəhlizlərinin qovşağına çevrilməsi, bu qovşaq vasitəsilə nəqliyyat daşımaları və enerji ixracının daha asan, ucuz və rentabelli olması ölkəmizi hər zaman diqqət mərkəzində saxlayır.
Azərbaycan sadəcə coğrafi deyil, etno-sosial dünyagörüşü baxımından da iki qitə arasında vacib körpü rolunu oynayır. Yəni, mahiyyət etibarı ilə bu gün Azərbaycan Avropa ilə siyasi əlaqələrini kifayət qədər inkişaf etdirmək imkanındadır. Yəni etno-sosial baxımdan bu rahatlıqla mümkündür, mədəni uyğunsuzluq yoxdur, zəmin prosesin dialoq formatında davam etdirilməsi üçün əlverişlidir”.
Siyasətçi deyib ki, Azərbaycanın həmçinin Orta Asiyada türk dövlətləri ilə etnik bağlılığı, müsəlman ölkələri ilə dini baxış bucağından münasibətləri və bütün bunların kontekstində Azərbaycan vətəndaşlarının əksəriyyətinin mərkəzçi dünya görüşündə olması əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır:
“Yəni müasir dövrdə etno-sosial aspektləri nəzərə almadan ünsiyyətin nəzəriyyələrinin həyata keçirilməsi mümkün deyil. Bu mənada Azərbaycan nəqliyyat vasitələrində Orta Dəhlizin bir parçası, həm də Avropanın enerji təchizatında önəmli və balanslaşdırıcı rola sahib bir ölkə kimi çox böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, belə olduğu təqdirdə ölkəmiz hər zaman diqqət mərkəzində qalacaq”.
Zaira Akifqızı
Globalinfo.az